REGİONLAR
Əlilliyi yaranmış və sosial xidmətə ehtiyacı olan vətəndaşlar daim dövlətin diqqət mərkəzindədir FOTO VİDEO
Gəncə, 2 mart, Elcan Məmmədov, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin Göygöl rayonunda yerləşən 3 saylı Psixonevroloji sosial xidmət müəssisəsi 1958-ci ildən fəaliyyət göstərir. Prezident İlham Əliyevin tapşırıqları əsasında sosial infrastrukturun müasir tələblərə uyğun qurulması istiqamətində növbəti addım kimi, 3 saylı Psixonevroloji sosial xidmət müəssisəsi 2020-ci ildə yenidən qurulub və əsaslı təmir olunub. 135 nəfər üçün nəzərdə tutulan müəssisədə sakinlərin stasionar şəraitdə rahat yaşayışı və sosial-reabilitasiyası üçün müasir şərait yaradılıb.
Müəssisəsinin həkim-psixiatrı Fərhad Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 3 saylı Psixonevroloji sosial xidmət müəssisəsi psixi və nevroloji xəstəliklər nəticəsində əlilliyi yaranmış, sosial xidmətə ehtiyacı olan qadınlar üçün nəzərdə tutulub. “Məqsədimiz sakinlərə keyfiyyətli sosial xidmət göstərməkdir. Əlilliyi yaranmış və sosial xidmətə ehtiyacı olan vətəndaşlar daimi diqqət və qayğı tələb edir. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün burada kompüter, rəsm, toxuculuq, rəqs, musiqi və əkinçilik dərnəkləri fəaliyyət göstərir. Həmçinin kitabxana və sakinlərin sağlamlıqlarına mütəmadi nəzarətin təşkil olunması üçün tibb otaqları var. Burada fəaliyyət göstərən inzibati heyət xəstələrin cəmiyyətə inteqrasiya olunması üçün daim çalışır,” - deyə həkim-psixiatr bildirib.
Sosial xidmət müəssisəsinin sakinləri keyfiyyətli ərzaq məhsulları, təmiz geyim və yataq dəstləri ilə təmin olunur. Müəssisənin əsas məqsədi ilk tibbi yardımın və ixtisaslaşdırılmış tibbi xidmətin təşkilini, reabilitasiya xidmətlərini, psixoloji və psixiatrik yardımın, həmçinin sanitar gigiyena və əks epidemik rejimin təşkilini həyata keçirməkdir.
Ümumilikdə Sosial Xidmətlər Agentliyinin tabeliyində 4 psixonevroloji sosial xidmət müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələr Göygöl rayonu, Şamaxı və Gəncə şəhərləri, həmçinin Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşir.