CƏMİYYƏT


Əlilliyin müəyyən olunması sistemində aparılan islahatlarda Dünya Bankı ilə əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub

Bakı, 16 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq sosial sahədə aparılan genişmiqyaslı islahatlar əlilliyin müəyyən olunması sistemini də əhatə edir. Bu sistemin qabaqcıl dünya təcrübəsinə uyğun təkmilləşdirilməsində ötən dövrdə Dünya Bankı və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlığa xüsusi əhəmiyyət verilib, hər iki təşkilatla faydalı məsləhətləşmələr aparılıb, onların rəy və təklifləri nəzərə alınıb.

AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Dünya Bankının nümayəndələri – sosial müdafiə məsələləri üzrə baş mütəxəssislər Mirey Ovadiya və Mitçel Vayner, baş iqtisadçı Sirma Demir Şeker, təcrübə rəhbəri Ahmet Levent Yener ilə videoformatda keçirilən görüşdə bildirib.

Nazir müavini yeni "Əlilliyin müəyyən olunması meyarları"ndan bəhs edərək, həmin meyarların ən qabaqcıl beynəlxalq təcrübə təhlil edilməklə hazırlandığını və bu zaman ÜST-in müəyyən etdiyi standartların, həmçinin bir çox ölkənin müsbət təcrübəsinin araşdırıldığını diqqətə çatdırıb.

H.Abdullayev tibbi modeldən sosial modelə keçidi nəzərdə tutan Funksionallığın Beynəlxalq Təsnifatından bəhs edib. Bu Təsnifat əsasında əlilliyin qiymətləndirilməsi üzrə Dünya Bankı tərəfindən ötən ilin iyulundan göstərilən texniki dəstəyin, eləcə də bu ilin martında Dünya Bankı nümayəndələrinin Funksionallıq, Əlillik və Sağlamlığın Beynəlxalq Təsnifatı üzrə keçirdiyi təlimin əhəmiyyətini qeyd edib.

Əlilliyi olan şəxsin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqların inkişafı ilə əlaqədar kompleks tədbirləri özündə əks etdirən Fərdi Reabilitasiya Proqramı barədə də məlumat verilib.

Görüşdə əlilliyin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi işlərində Dünya Bankı ilə əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.