İQTİSADİYYAT
Alim Quliyev: Onlayn ticarət kiçik və orta biznes subyektləri üçün cəlbedici platformaya çevrilib
Bakı, 21 oktyabr, Pərvanə Rəhimova, AZƏRTAC
Ötən il qlobal pərakəndə ticarətin ümumi dövriyyəsi 24 trilyon dollar olub ki, bunun 3 trilyon dolları elektron ticarətin payına düşüb və dövriyyənin 12 faizini təşkil edib. Bundan öncəki göstərici isə 10 faiz idi. Cari ilin sonunda elektron ticarətin həcminin 21 faiz artaraq 3,5 trilyon dollar olacağı gözlənilir, bu da pərakəndə ticarətin 14 faizini təşkil edəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mərkəzi Bankın idarə heyətinin sədrinin birinci müavini Alim Quliyev oktybarın 21-də “Bakı Elektron Ticarət Forumu”da deyib.
A.Quliyev bildirib ki, növbəti 5 ildə isə elektron ticarətin həcminin 6,5 trilyon dollara çatacağı və pərakəndə ticarətin 22 faizini təşkil edəcəyi gözlənilir. Proqnozlara görə, bu ilin sonunda dünya əhalisinin dörddəbiri rəqəmsal alıcı olacaq. Bu isə 2 milyard əhali deməkdir. Hesablamalar göstərir ki, 2040-cı ilədək dünya əhalisinin 95 faizi öz ticarətini rəqəmsal ödənişlər vasitəsilə həyata keçirəcək.
“Yaşadığımız cəmiyyətdə “ağıllı” texnologiyaların tətbiqi ilə iqtisadiyyatın bütün sahələri sürətlə elektronlaşır. Elektron ticarət cəmiyyətin ayrılmaz hissəsini təşkil edir. Yeni texnologiyaların geniş tətbiq edildiyi elektron ticarət maliyyə, real sektor və IT kimi müxtəlif sahələri əlaqələndirən effektiv mexanizmə çevrilib. Elektron ticarət platforması kiçik və orta biznesin iri korporasiyalarla rəqabət aparmaq qabilləyətlərini daha da genişləndirir. Rəqəmsallaşma gənclərə öz bizneslərini qurmaq üçün böyük maliyyə tələb etməyən əlverişli imkanlar yaradır. Bu səbəbdən onlayn ticarət kiçik və orta biznes subyektləri üçün cəlbedici platformaya çevrilib”, - deyə o əlavə edib.