ELM VƏ TƏHSİL


Alim: Yerə yaxınlaşmaqda olan asteroid atmosferdə yana bilər

Bakı, 31 oktyabr, AZƏRTAC

NASA-nın proqnozuna görə, noyabrın 2-də Yerə minimal məsafədən yaxınlaşmalı olacaq potensial təhlükəli 2018 VP1 asteroidi böyük ehtimal ki, atmosferdə yanacaq. Bu barədə Rusiya Elmlər Akademiyası Tətbiqi Riyaziyyat İnstitutunun elmi işçisi Leonid Yelenin TASS informasiya agentliyinə müsahibəsində söyləyib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Leonid Yeleninin sözlərinə görə, asteroidin ölçüsü cəmi iki metrdir. Əgər bu, həmin geniş yayılmış daş asteroiddirsə, onda atmosferdə yanacaq. Belə nəticə həmin obyektin trayektoriyasına dair astronomlarda olan məlumata əsaslanır. Yeni hesablamalar üçün əlavə informasiya tələb edilir ki, bu da alimlərdə hələ ki yoxdur.

NASA mütəxəssisləri bu asteroidin uçuş trayektoriyasını dəqiqləşdirdikdən və noyabr ayında Yer kürəsindən təhlükəli məsafədə keçəcəyi barədə fikir irəli sürdükdən sonra - avqust ayından etibarən ona diqqət artıb. Proqnozlara görə, asteroid noyabrın 2-də Yerdən təqribən 420 min kilometr məsafədə keçəcək. Asteroidin planetimizlə toqquşma ehtimalı 0,41 faizdir ki, bu da yüksək göstərici hesab edilir. Lakin L.Yeleninin fikrincə, kifayət qədər informasiya olmadığı üçün qiymətləndirmə kobud aparılıb. O, asteroidin Çin, Meksika və ya Sakit okean üzərindən Yerin atmosferinə daxil olacağını istisna etmir. Asteroid Günəş tərəfdən Yerə yaxınlaşacağı üçün bu hadisəni alimlərə izləmək çox çətin olacaq.

Diametri iki metr olan bu asteroid 2018-ci ildə ZTF teleskopu ilə Palomar rəsədxanasında (Kaliforniya ştatı, ABŞ) kəşf edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.