MƏDƏNİYYƏT
Fransada “Matrimoine” Mədəni İrs Günü keçiriləcək
Paris, 18 sentyabr, AZƏRTAC
Hər il sentyabr ayında keçirilən Mədəni İrs Günü avropalılara ölkələrində milli mədəni irs abidələrini, hətta adi günlərdə ictimaiyyətə bağlı olan mədəni irs abidələrini pulsuz ziyarət etmək imkanı yaradır. Bu il COVID-19 epidemiyasına görə Mədəni İrs Günü həmişəkindən fərqli formada həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, koronavirus epidemiyasına görə Fransada 1500-ə yaxın mədəni irs abidəsi ictimaiyyəti qəbul edə bilməyəcək. Ancaq bu il “İrs və təhsil: həyat üçün öyrənmək” mövzusu adı altında keçirilən Mədəni İrs Günü 13 min mədəni irs abidəsinin öz qapılarını ictimaiyyətə açacağı bildirilib. Həmçinin, ziyarətçilərin Fransa mədəni irs abidələrini virtual izləmək imkanı da olacaq.
Ziyarətçilər 2019-cu ildə yanğına məruz qalmış Məryəm Ana kilsəsinin bərpa işlərini yaxından izləyə biləcəklər. Paris Milli Sənətlər İnstitutu da sənətsevərlərə müxtəlif sənət növlərini yaxından canlı izləməyə şərait yaradacaq. Yalnız tələbə və tədqiqatçılara açıq olan Milli İncəsənət Tarixi İnstitutu kitabxanasının tarixi kolleksiyalarını canlı izləmək mümkün olacaq.
Fransada artıq 5-ci ildir ki, “Matrimoine” (“matri..” “ana” mənasında) Mədəni İrs Günü də keçirilir. “Matrimoine” mədəni İrs Günü yaradıcı və tarixi əhəmiyyətli qadınlardan irs qalan maddi və qeyri-maddi irs nümunələrini təqdim etməyi nəzərdə tutur.
Sentyabrın 21 və 22-də keçiriləcək “Matrimoine” Mədəni İrs Günü çərçivəsində bir çox assosiasiyalar, kollektivlər və şirkətlər tərəfindən müxtəlif dövrlərdə yaşayıb-yaratmış yaradıcı qadınlara həsr edilmiş konfranslar, sərgilər, filmlər, interaktiv tamaşalar, yaradıcı emalatxanalar təşkil olunacaq.
“Biz yalniz muzalar deyilik!” devizi altinda təşkil olunacaq “Matrimoine” Mədəni İrs Günün əsas məqsədi qadın irsini dəyərləndirmək və incəsənət və mədəniyyət sahəsində qadın-kişi bərabərsizliyinə son qoymaqdır.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris