CƏMİYYƏT


Əliməmməd Nuriyev: Əfv Sərəncamı Azərbaycan Prezidentinin fəaliyyətinin humanizm və mərhəmət prinsiplərinə söykəndiyini göstərir

Bakı, 16 mart, AZƏRTAC

Prezident İlham Əliyev daim ölkəmizdə humanizm və mərhəmət prinsiplərinin əsas götürülməsi istiqamətində müxtəlif qərarlar qəbul edib. Çünki dövlətimizin başçısının fəaliyyəti ədalətə, humanizm və mərhəmət prinsiplərinə söykənir. Prezident İlham Əliyev ilk dəfə dövlət başçısı seçildiyi zaman andiçmə mərasimində demişdi ki, mən Azərbaycan Respublikasının hər bir vətəndaşının Prezidenti olacağam. Dövlətimizin başçısının 2003-cü ildən bu günə qədər qəbul etdiyi hər bir qərarda, imzaladığı sənədlərdə Azərbaycan Prezidentinin siyasi iradəsinin şahidi oluruq. İlin əvvəlindən sosial sahədə mühüm fərman və sərəncamların, eləcə də bu gün 431 nəfərin əfv edilməsi ilə bağlı Sərəncamın imzalanması dövlətimizin başçısının öz fəaliyyətində ədalət, humanizm və mərhəmət prinsiplərinə əsaslandığını göstərir.

Bunu tanınmış hüquqşünas, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Prezident İlham Əliyevin martın 16-da imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam ilə bağlı AZƏRTAC-a açıqlamasında deyib.

Ekspert bildirib ki, bu, Prezident İlham Əliyevin indiyədək imzaladığı 34-cü, ümumiyyətlə isə Azərbaycanda sayca 65-ci əfv sərəncamıdır. Ölkəmizdə indiyədək imzalanan əfv sərəncamları ümumilikdə 8 minə yaxın şəxsi əhatə edib. Onların mütləq əksəriyyəti azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad olunublar. Ötən il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə imzalanan əfv Sərəncamı 634 nəfərə şamil edildi. Bu il əfv edilən 431 nəfərdən 399-u azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad olunub. Eyni zamanda, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş üç nəfərin cəzası müddətli azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. Bu Sərəncam ümumilikdə yüzlərlə ailəyə, minlərlə insana sevinc bəxş etdi.

“Sərəncamla bağlı ən mühüm məsələlərdən biri də ondan ibarətdir ki, hüquq-müdafiə təşkilatlarının müraciətləri əsasında 52 nəfər əfv olunub. Bu, olduqca böyük göstəricidir. Bu, həm də dövlətimizin başçısının Azərbaycan Respublikasının bütün vətəndaşlarına humanizm və mərhəmət prinsipləri əsasında yaxınlaşmasının göstəricisidir. Digər bir məsələ ondan ibarətdir ki, bütövlükdə əfv sərəncamları Cinayət Məcəlləsinin bu və digər maddələrinin demək olar hamısını əhatə edib. Təbii ki, burada vacib məqam məhkumun şəxsiyyəti, onun davranışları, ümumi vəziyyəti, zərərçəkmişin mövqeyi, ailə vəziyyəti, səhhəti və s. amillər nəzərə alınaraq, obyektiv qərarların qəbul olunmasıdır. Bütün müraciətlər əfv komissiyasında diqqətlə və obyektiv qaydada araşdırılıb. Siyahıda azad edilmiş şəxslərə baxdıqda cəmiyyətin müxtəlif təbəqələrinə aid şəxslərin olduğunu görə bilərik. Bu da humanizmin, mərhəmətin təzahürüdür. Bu, onu göstərir ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşının qayğısına qalır”, - deyə Əliməmməd Nuriyev bildirib.

Sərəncamın əfv edilmiş şəxslərə yeni şans verdiyini vurğulayan ekspert ümid etdiyini bildirib ki, əfv olunan şəxslər bu şansdan istifadə edərək dövlətimizin başçısının Novruz bayramı münasibətilə onlara göstərdiyi bu lütfü dəyərləndirəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.