CƏMİYYƏT


Əliməmməd Nuriyev: Dövlət başçısının təsdiq etdiyi strategiyada kommersiya mübahisələrinin həllində alternativ vasitələrin genişləndirilməsi mühüm məsələlərdən biridir

Mübahisələrin məhkəməyədək həll yollarından istifadə etməklə daha çevik mexanizmlər yaradılacaq

Bakı, 30 iyul, AZƏRTAC

Prezident İlham Əliyevin Sərəncamı ilə iyulun 22-də təsdiq edilən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ehtiva olunan mühüm məsələlərdən biri məhkəmə fəaliyyətinin müasirləşdirilməsi, vətəndaş məmnunluğunun artırılması və əlçatanlığın yaxşılaşdırılması məsələləridir. “Şuşa İli” çərçivəsində iyulun 25-də Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə regional apellyasiya məhkəmələrinin 15 illiyinə həsr olunmuş “Azərbaycan Respublikasında həyata keçirilən məhkəmə-hüquq islahatlarının mütərəqqi nəticələri” mövzusunda Şuşada keçirilmiş konfransda strategiyanın icrası üzrə qarşıda duran vəzifələr müzakirə olundu. Xüsusilə, dövlət başçısının təsdiq etdiyi strategiyadan irəli gələn nazirliyin vəzifələri, habelə məhkəmə işlərinin, xüsusilə kommersiya mübahisələrinin həllində müasir informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqinin, mübahisələrin alternativ həlli vasitələrinin genişləndirilməsi, mediasiyanın təşviqi ilə bağlı görülməli tədbirlər ətrafında fikir mübadiləsi aparıldı. Şuşa konfransında ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov çıxış edərək bütövlükdə strategiyanın həyata keçirilməsi ilə bağlı aidiyyəti vəzifələrin icrasının təşkili məsələlərindən bəhs etdi.

Bu barədə Azərbaycan Prezidentinin bu yaxınlarda təsdiqlədiyi strategiyada əksini tapan məsələləri AZƏRTAC-a şərh edən tanınmış hüquqşünas, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü Əliməmməd Nuriyev məlumat verib.

O bildirib ki, Azərbaycan dövləti artıq yeni hədəfləri gerçəkləşdirmək niyyətindədir. Məhz bu məqsədlə “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” hazırlanıb. Bu sosial-iqtisadi inkişaf modelinin birinci mərhələsində (2022‒2026-cı illər) onun 2030-cu ilədək uğurla reallaşdırılması üçün təməl şərtlər həyata keçiriləcək. 2027‒2030-cu illəri əhatə edəcək ikinci mərhələdə isə bu təməl şərtlərin komplementarlığı şəraitində milli iqtisadiyyatın keyfiyyətcə yeni simasının yaradılmasına nail olunacaq. Bu zaman sağlam və rəqabətli biznes mühiti üçün qanunun aliliyi təmin olunacaq və səmərəli məhkəmə islahatları aparılacaq. Bu islahatlar sahibkarlıq fəaliyyəti ilə məşğul olanların mülkiyyətinin və maraqlarının effektiv müdafiəsinə imkan verəcək. Bunun sayəsində biznes mühiti daha da sağlamlaşdırılacaq, milli iqtisadiyyata etimad artacaq və nəticədə böyük həcmdə daxili və xarici investisiyalar cəlb ediləcək. Həmçinin strategiyanın icrası ilə bağlı Tədbirlər Planı qəbul olunub. Burada Ədliyyə Nazirliyi qarşısında da bir çox vəzifələr müəyyənləşdirilib. Bu vəzifələrin həyata keçirilməsi həmin strategiyanın uğurlu reallaşdırılmasının təməl şərtlərindən biridir.

Diqqətə çatdırıb ki, strategiyadakı fəaliyyət istiqamətlərində əksini tapan biznes üçün investisiya və iqtisadiyyatda rəqabət mühitinin yaxşılaşdırılması və onun monitorinqinin infrastruktur, texnoloji və hüquqi çərçivələrinin yaradılması, eləcə də sahibkarlıq subyektləri üzrə mübahisələrin alternativ həlli yollarının genişləndirilməsi məsələlərinə gələcəkdə böyük önəm veriləcək. Habelə sənəddə sahibkarlıq fəaliyyətinin inkişafı üçün tənzimləmə və normativ hüquqi bazanın təkmilləşdirilməsində, məhkəmə icraatının videokonfrans əlaqə sistemindən istifadə etməklə aparılmasında əlavə tədbirlərin görülməsi əksini tapıb. Onların realizə olunması üçün təkmilləşdirilmiş tənzimləməyə və qanunvericilik bazasına dair təkliflər hazırlanacaq. Sahibkarlıq fəaliyyətinin çevik tənzimlənməsi mexanizmi gücləndiriləcək. Bu isə sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin yaranmasına gətirib çıxaracaq.

Qeyd olunub ki, ümumiyyətlə məhkəmələrdə mübahisələrin baxılması uzun müddət tələb edir və izafi xərclərə gətirib çıxarır. Lakin əlverişli biznes mühitinin yaradılması daha çevik qərarların qəbul olunmasını zəruri edir. Odur ki, vaxt itirilməsi və əlavə xərclərə səbəb olmaması üçün mübahisələrin məhkəmədənkənar həlli üzrə yeni mediasiya mexanizminin tətbiqi qarşıya qoyulan məqsədlərdən biridir. Bunun nəticəsində “Arbitraj haqqında” Qanun layihəsi qəbul və tətbiq olunacaq. Bütövlükdə bu məsələ 2022‒2023-cü illərdə qarşıya qoyulan prioritetlərdəndir. Həmçinin İKT-lərin tətbiqinə dair təkliflərin həyata keçirilməsi sahibkarlıq subyektlərinin tərəf olduğu mübahisələrin baxılmasında operativliyin, şəffaflığın və səmərəliliyin artmasına yeni imkanlar verəcək. Bu da sahibkarlıq fəaliyyətində yaranan münaqişələrin həllində çevikliyin artmasını təmin edəcək. Eləcə də mübahisələrin alternativ həlli vasitələrinin genişləndirilməsi üçün qabaqcıl beynəlxalq təcrübə əsasında qeyd olunan Qanun layihəsinin hazırlanması və qəbul edilməsi Ədliyyə Nazirliyinin əsas vəzifələrindən biri olacaq.

“Eyni zamanda, strategiyadakı investisiya mühitini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi sahəsində aidiyyəti qurumlardan biri Ədliyyə Nazirliyidir. Mediasiya işinin təbliği, kiçik və orta biznes subyektləri arasındakı mübahisələrdə bu fəaliyyətin tətbiqi əsas vəzifələrdəndir. Bu da 2022‒2026-cı illərdə həllini tapmalıdır. Nəticədə mediasiya fəaliyyətinin genişləndirilməsinə dair təkliflər həyata keçiriləcək. Bu isə mediasiya hesabına həll olunan sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrin sayının hər il 10 faiz artmasına gətirib çıxaracaq. Bu konkret hədəflər nəticəsində məhkəmələrdə biznes subyektləri ilə bağlı işlərə baxılması yükü azalacaq. Beləliklə, mübahisələrin məhkəməyədək həll yollarından istifadə etməklə daha surətli və çevik mexanizmləri yaradılacaq. Bu da sahibkarlıq fəaliyyətində yaranan münaqişələrin çevik həllinə imkan verən mediasiya sisteminin genişlənməsinə səbəb olacaq. Bu da strategiyada mühüm hədəfdən biridir”, - deyə Ə.Nuriyev vurğulayıb.

Ə.Nuriyev deyib ki, bu strategiyanın uğurla həyata keçirilməsi istiqamətində Ədliyyə Nazirliyi qarşısında bir çox vəzifələr qoyulub. Mübahisələrin məhkəməyədək həll edilməsi, həmçinin məhkəmə proseslərində innovasiya, İKT-lərin tətbiqi həm biznes strukturlarının ona əlçatanlığının yüksək keyfiyyətlə təmin olunmasına, həm də onların vaxtının qənaət edilməsinə, həm də müştəri məmnunluğuna gətirib çıxaracaq. Eləcə də biznes mühitinə əlavə yeni imkanlar yaradacaq. Nəticədə daxili sərmayələrin qoyuluşu imkanı və xarici sərmayələrin ölkəmizə axını təmin olunacaq ki, bu da hazırkı şəraitdə önümüzdəki 10 ildə Azərbaycan iqtisadiyyatının daha da inkişafı üçün qarşıda duran ən mühüm məqsədlərdən biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.