CƏMİYYƏT
Əliməmməd Nuriyev: Müasir məhkəmə kompleksləri ədalət mühakiməsinin effektiv həyata keçirilməsi üçün geniş imkanlar yaradır VİDEO
Bakı, 4 iyun, AZƏRTAC
Son illər paytaxtda və bölgələrdə 25-ə yaxın məhkəmə üçün yeni, müasir İKT və avadanlıqla təchiz olunmuş bina və komplekslər, eyni zamanda, 4 məhkəmə kompleksi tikilib ki, burada vətəndaş məmnunluğunun təmin olunması, bütövlükdə hakimlərin fəaliyyəti üçün hər bir şərait yaradılıb. Azərbaycan ədalət mühakiməsi sistemində texnologiyalardan geniş istifadə edilməklə, elektron məhkəmə sistemi mərhələli şəkildə inkişaf etdirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Masallı Məhkəmə Kompleksinə təşkil olunmuş mediatur zamanı bildirib.
Ölkəmizdə inşa olunmuş sayca üçüncü olan Masallı Məhkəmə Kompleksinin də digər müasir məhkəmə binalarında olduğu kimi, inzibati və ictimai zonalara bölündüyünü bildirən Ə.Nuriyev inzibati zonanın hakimlər və məhkəmə işçiləri, ictimai zonanın isə vətəndaşlar üçün nəzərdə tutulduğunu bildirib. O vurğulayıb ki, bununla da hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlər məhdudlaşdırıldığı üçün onlar yalnız məhkəmə iclas zallarında görüşə bilirlər.
Ə.Nuriyev onu da qeyd edib ki, "bir qapı" prinsipi ilə fəaliyyət göstərən müasir komplekslər ədalət mühakiməsinin effektiv həyata keçirilməsinə, vətəndaşların müraciət imkanlarının asanlaşdırılmasına xidmət edir. Bütün bunlar Azərbaycan məhkəmələrinin ədalətli qərarlar qəbul etməsi üçün yeni imkanlar yaradacaq.