REGİONLAR
“Alimentando.info” xəbər portalı: Azərbaycan dünyada üçüncü ən böyük fındıq istehsalçısıdır
Roma, 4 yanvar, AZƏRTAC
İtaliyanın “Alimentando.info” qida saytında “Azərbaycan dünyada üçüncü ən böyük fındıq istehsalçısıdır” sərlövhəli yazı yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, yazıda Azərbaycanın fındıq istehsalı üzrə ABŞ-ı geridə qoyaraq Türkiyə və İtaliyadan sonra dünyada 3-cü yerə yüksəldiyi qeyd edilir.
Yazıda bildirilir ki, 2017-ci ildə Azərbaycanda 18 min hektarda fındıq tingi əkilərək, fındıq bağlarının ümumi sahəsi 55 min hektara çatıb. Məqsəd bağların ümumi sahəsini 80 min hektara çatdırmaqdır.
Qeyd olunur ki, 2018-ci ilin məhsul yığımı ekspertlərə ümumi istehsal həcmini dəyərləndirməyə imkan verib. Belə ki, ötən il Azərbaycanda 70 min ton fındıq istehsal edilib ki, bu da 2017-ci ilin göstəricisindən 56 faiz (45500 ton) çoxdur. Onun böyük hissəsi xarici ölkələrə, xüsusən İtaliyaya ixrac edilib. İtaliya 2017-ci ildə Azərbaycandan 9 min ton fındıq alıb.
Azərbaycan Avropa İttifaqının, eləcə də MDB-nin 25-dək ölkəsinə də fındıq məhsulları ixrac edib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma