DÜNYA


Alimlər Aralıq dənizi regionunda tektonik təkamülün rəqəmsal modelini hazırlayıblar

Bakı, 20 sentyabr, AZƏRTAC 

Holland geofiziki Daue van Hinsbergenin rəhbərlik etdiyi avropalı alimlərdən ibarət qrup tərəfindən ilk dəfə olaraq Aralıq dənizi regionunda tektonik təkamülün rəqəmsal modeli hazırlanıb. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, model planetimizin son 240 milyon illik tarixini əhatə edir və təxminən Qrenlandiya ərazisi qədər olan qitənin meydana gəlməsi və yox olması prosesini əks etdirir.

Rəqəmsal modeldə Avropanın sahillərində yaranmış və sonra batmış Böyük Adriya adlı torpaq göstərilib. Onun yerində indiki Balkanlarda yerləşən maqma və Apennin yarımadasının “çəkmə” adlanan ərazisi var. Böyük Adriyanın qalan hissəsini təmsil edən Adriatik dənizinin dibinin isə hər il 4 millimetr dayazlaşdığı ortaya çıxıb.

Alimlər müəyyən ediblər ki, əslində, batan qitə də nəhəng torpaqların parçalanması nəticəsində əmələ gəlib. Belə ki, 240 milyon il əvvəl mövcud olan Qondvana adlı superqitə Afrika, Cənubi Amerika, Antarktika və Hindistanı birləşdirib. Onun parçalanmasından sonra əmələ gələn ilk qitə isə Böyük Adriya olub. O, tədricən şimala – gələcək Avropa qitəsinə doğru tektonik şəkildə üzüb, lakin həmin marşrut boyu özü də parçalanıb.

Qədim qitənin parçaları İtaliyadan Türkiyəyə qədər bütün Aralıq dənizi regionunu günümüzədək gətirib çatdırıb. Yeri gəlmişkən, onun qalıqları bu gün ən populyar turizm istiqamətləridir. Onların sırasında Apenninləri, Alpın cənub hissəsini, Dinar dağlıq ərazisini , Hellenidanı, Krit adasını və Türkiyənin Anadolu hissəsini göstərmək olar. İtaliya ilə Balkan yarımadası arasında qalan ərazi isə sözün əsl mənasında torpağa gömülüb.

Van Hinsbergen deyib: “Aralıq dənizi regionunda dağ silsilələrinin başqa qitədən qalması artıq heç kimə sirr deyil. Problem ondan ibarətdir ki, həmin süjeti dəqiq canlandıra bilək. Həmin qitənin qalıqları güclü deformasiyaya uğrayıb, parçalanıb və dağılıb. On il əvvəl həmin prosesin necə baş verdiyini təsəvvür etmək mümkün deyildi, lakin bu gün mövcud olan rəqəmsal “GPlates” sistemi üzrə proqramlar sayəsində buna nail olduq. Bundan başqa, müvafiq dağlar 30 ölkənin ərazisində yerləşir ki, onların da hamısının öz xəritəsi, adları, modelləri mövcuddur. Bizim tədqiqat apardığımız müddətdə də elmi ədəbiyyatda onlarla yeni coğrafi adlar meydana gəlib. Alp-Himalay qurşağından cənuba doğru, Alp, Karpat, Kiçik Qafqaz və Himalayadək olan ərazi 250 milyon il əvvəl həqiqətən müasir Afrikanın bir hissəsi olub və sonradan tədricən şimala doğru hərəkət edərək Avrasiya materikinə birləşib. Rəqəmsal model deformasiya olunmuş bu parçaların konturlarını əks etdirir”.

Alimlər Aralıq dənizi regionunun formalaşmasına və Böyük Adriyanın tarixinə nəzər salmaq üçün 10 il müddətində İspaniyadan İrana qədər Yer kürəsinin 2300 nöqtəsində paleotektonik tədqiqatlar üçün paleomaqnit və kinematik nümunələr götürüblər. Son nəticədə 427 səhifəlik elmi nəşr tərtib edilib. Buradakı biblioqrafiya mətnin dörddəbiri qədərdir və 116 səhifə təşkil edir. Alimlər həmin nümunələri qarşılaşdıraraq, dövrlər, qatlar üzrə müqayisə edərək pazl kimi xəritə seriyası yaradıblar.

Van Hinsbergen hesab edir ki, alimlərin tərtib edəcəyi digər rəqəmsal baza - “Yeraltı dünyanın atlası”nda (Atlas of the Underworld) tektonik təkamül nəticəsində yox olmuş bir çox “ölü qitələri” də aşkar etmək mümkün olacaq. Onun sözlərinə görə, bu cür mikro qitələrin sayı milyona yaxındır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.