ELM VƏ TƏHSİL
Alimlər Moskvada Xəzər dənizinin gələcəyini müzakirə ediblər
Bakı, 4 dekabr, AZƏRTAC
Moskvada Rusiya Elmlər Akademiyasının Okeanologiya İnstitutunda “Xəzər dənizinin gələcəyi. Elmi layihələr və tədqiqatlar” mövzusunda beynəlxalq konfrans keçirilib. Rusiya, İran, Qazaxıstan və Türkmənistan alimlərinin qatıldığı tədbirdə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İbrahim Quliyev, Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və Respublika Seysmologiya Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli təmsil ediblər.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, konfransın açılışında Rusiya Fundamental Tədqiqatlar Fondunun rəhbəri, akademik Vladislav Pançenko və İran Milli Elm Fondunun prezidenti Nəsratulla Zargam çıxış edərək Xəzər dənizi üzrə elmi tədqiqatların aparılmasında beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıblar.
Daha sonra çıxış edən akademik İbrahım Quliyev Xəzər dənizi üzrə beynəlxalq tədqiqat mərkəzinin yaradılmasının zəruriliyini bildirib, Xəzəryanı ölkələrin alimlərinin birgə ekspedisiyasının təşkil olunmasının önəminə toxunub.
Beynəlxalq tədbirin yekun iclasına akademik Ramiz Məmmədov moderatorluq edib.