DÜNYA
Alimlər: Son 30 ildə kişilərin fiziki göstəriciləri aşağı düşüb
Bakı, 17 avqust, Günel Məlikova, AZƏRTAC
Şimali Karolina ştatının Vinston-Salema Universitetinin alimləri tərəfindən aparılan tədqiqatlar nəticəsində son 30 ildə kişilərin fiziki göstəricilərinin aşağı düşdüyü müəyyən edilib.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, araşdırmalar yeni nəsil kişilərin güc və sağlamlıq baxımından 30 il əvvəlki həmyaşıdlarına məğlub olduqlarını göstərib. Güclü cinsin 20-34 yaşlı nümayəndələri arasında aparılan araşdırmalarda onların güc göstəriciləri yoxlanılıb. Məlum olub ki, müasir kişilər 30 il əvvəlki yaşıdlarından 12 kiloqram zəifdirlər. Bundan əlavə, tədqiqat iştirakçılarında əvvəllər daha yaşlı nəslə aid olan bir sıra xəstəliklər, o cümlədən ürək və əsəblə bağlı problemlər müəyyən edilib. Tədqiqatın rəhbəri doktor Elizbet Fainin sözlərinə görə, bu dəyişiklik ilk növbədə müasir kişilərin həyat tərzi ilə bağlıdır. Buna misal kimi iş yerlərində əl əməyinin azalması, istifadə olunan kimyəvi elementlər göstərilir.
Alimlər tədqiqatların nəticələrinin yalnız fiziki gösəricilərə aid olduğunu, ruh və xarakter zəifliyinə heç bir aidiyyəti olmadığını vurğulayıblar. Bundan əlavə, mütəxəssislər vəziyyətin əsasən dəyişə biləcəyini də qeyd ediblər. Misal üçün, bildirilir ki, iş saatlarından sonra idmanla məşğul olaraq buna nail olmaq mümkündür.