ELM VƏ TƏHSİL


Alimlər Təbaşir dövrünə aid daşlaşmış ağac qətranı tapıblar

Bakı, 27 fevral, AZƏRTAC

Britaniya alimləri ilk dəfə olaraq Braziliyanın şərqində Təbaşir dövrünün əvvəlinə aid çöküntüdə qədim ağac qətranının (kitrə) daşlaşmış nümunələrini tapıblar. Onun tədqiqi Mezozoy erasının flora və faunası haqqında paleontoloqların təsəvvürlərini genişləndirə bilər. Tapıntı haqqında məlumat “Scientific Reports” jurnalında yer alıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Portsmut Universitetinin (Böyük Britaniya) professoru Devid Martill deyib: “Məni daha çox təəccübləndirən o oldu ki, indiki Braziliya ərazisində 110 milyon il əvvəl bitmiş valvisiyanın daşlaşmış şirəsi kitrənin kimyəvi tərkibinə görə müasir Afrikada bitən eyni bitkidə olduğu kimidir. Təbaşir dövründə Afrika və Cənubi Amerikanın vahid qitə olduğu nəzərə alınarsa, bu, çox maraqlı kəşfdir”.

On, hətta yüz milyon illər öncə formalaşmış ağac kəhrəbası parçaları çoxdan bəri paleontoloqlar, klimatoloqlar və geofiziklər üçün ən maraqlı tapıntılardan birinə çevrilib. Bunların içində çox vaxt nəinki həmin dövrün hava qovuqcuğu, həm də həşəratların, bitkilərin, quş və dinozavr lələklərinin qalıqları olur. Məsələn, son beş ildə alimlər Myanmada və Latın Amerikasında ən qədim hallüsinogen göbələyinin izi, qədim çiçəklərin qalıqlarının, qədim quşların qanadlarının, habelə Mezozoy erasına aid flora və faunanın digər maraqlı izləri olan kəhrəba parçası tapıblar. Devid Martill və onun həmkarları müəyyənləşdiriblər ki, bu yolla bitkidən ayrılan şirə - “kitrə” də qala bilər. Bir qayda olaraq bu maddə gövdədə və zoğda zədə yaranan zaman bitkinin ayırdığı şirədəki yüksəkmolekullu birləşmədən ibarətdir.

Uzun müddət paleontoloqlar güman edirdilər ki, kitrə qədim süxur təbəqələrinin içində prinsip etibarilə qorunub saxlana bilməz, çünki su onu asanlıqla yuyub apara bilər. Ona görə də tədqiqatçılar onun izini Mezozoy və ya Kaynozoy erasında axtarmağa heç vaxt cəhd göstərməyiblər.

Martill deyib ki, bu fərziyyənin yanlış olduğunu o, həmkarları ilə birlikdə yaxın vaxtlarda Braziliyada qazıntı aparılarkən biliblər. Orada Krato formasiyasına aid süxurlar var. Həmin süxurlar təxminən 110 milyon il əvvəl, Təbaşir dövrünün əvvəlində formalaşıb. O zaman Qondvana iki hissəyə - Afrika və Cənubi Amerikaya tam bölünməmişdi. Həmin çöküntülərdə alimlər valvisiya cinsindən “Welwitschiophyllum” bitkisinin qalıqlarını tapıblar ki, onların son nümayəndələrinə indiyədək Afrika ərazisində rast gəlinir.

Qazıntıda iştirak edənlərdən Emili Roberts bu tapıntını öyrənərkən kəhrəbaya oxşayan yarımşəffaf narıncı hissəcik aşkarlayıb. Alimlər bu tapıntının kimyəvi tərkibini öyrənərkən məlum olub ki, o, çılpaqtoxumluların qətranından ibarət olmasa da, valvisiya kitrəsi kimidir. Tərkib baxımından digər maraqlı cəhət onun müasir valvisiyalardan ayrılan kitrədən fərqlənməməsi idi. Bu, onların “canlı qazıntılar” olmasını bir daha təsdiqlədi. Belə ki, onlar Afrika səhralarında on milyonlarla illər ərzində dəyişməyib. Emili Robertsin fikrincə, daşlaşmış kitrənin kəşfi onu göstərir ki, indiyədək alimlərin daşlaşa bilməyən hesab etdikləri bitkilər də analoji yolla qala bilər. Onların aşkarlanması və tədqiqi qədim dünyanın flora və faunası haqqında təsəvvürləri xeyli dərəcədə zənginləşdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.