ELM VƏ TƏHSİL
Alimlər Xızı Dayaq Məntəqəsində əkin sahələrinə baxış keçiriblər
Bakı, 22 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə bir qrup alim Xızı Dayaq Məntəqəsində olub.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, alimlər məntəqədə torpaqların mühafizəsi, münbitliyinin artırılmasına dair mövcud standart və normativlərə əməl edilməsi vəziyyəti ilə tanış olublar. Həyata keçirilən tarla təcrübələri ilə maraqlanan AMEA-nın rəhbərliyi arpa, buğda və digər əkin sahələrinə, müxtəlif sort tərəvəz bitkilərinə baxış keçirib.
Sonra məntəqədə çalışan mütəxəssislərlə söhbət aparılıb, qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar görülən işlər müzakirə edilib, bir sıra məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib.
Görüşdə aqrar sektorun, o cümlədən heyvandarlığın inkişafında, əhalinin ayrı-ayrı kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsində torpaq münbitliyinin yaxşılaşdırılması, heyvandarlığın yem bazasının möhkəmləndirilməsi, təbii yem sahəsinin mühafizəsi, otlaqların yaxşılaşdırılması və bitkilərin botaniki zənginliyinin qorunub saxlanılmasının vacibliyindən bəhs edilib.
Ölkə iqtisadiyyatının dinamik inkişaf etdiyi dövrdə aqrar sahənin elmi biliklər əsasında modernləşdirilməsinin önəmindən danışan akademik Akif Əlizadə Xızı Dayaq Məntəqəsində çoxsahəli aqrokompleksin yaradılmasının bu sahədəki işin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Aqrokompleksin ilkin layihələrinin hazırlanmasına dair müvafiq göstərişlər verən AMEA-nın prezidenti əkinçilik mədəniyyətinin yüksəldilməsi, elmin istehsalatla əlaqəsinin möhkəmləndirilməsi, bu sahəyə aid texnologiyanın təkmilləşdirilməsi və müasir texnologiyadan geniş istifadə olunması, elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin həyata keçirilməsinin vacibliyini bildirib.