ELM VƏ TƏHSİL
Alimlər astrofiziki məsələlərin həllində qarşıya çıxmış riyazi problemlərdən danışıblar
Bakı, 14 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda elmi seminar keçirilib. Tədbirdə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının bir qrup alimi iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, seminarda dosent Mirnamik Bəşirov “Anizotrop Günəş küləyi modeli üçün MHD köçürmə tənliklərinin bəzi həlləri” mövzusunda məruzə söyləyib. Anizotrop Günəş küləyi plazması üçün alınmış qeyri-xətti adi diferensial tənliklər sistemi və onun bəzi həlləri müzakirə olunub.
Sonra “Anizotrop Günəş küləyi plazmasında maqnit-hidrodinamik Kelvin-Helmholtz tipli dayanıqsızlıq”, “Maqnit sahəsi effektləri nəzərə alınmaqla diferensial fırlanan Günəşin aşağı tezlikli məxsusi rəqsləri” mövzularında məruzələr dinlənilib.
Seminarda, həmçinin uzunperiodlu burulğanlı Rossbi tipli qlobal rəqslərin yaranması, onların Yerin iqlimində mövcud olan qlobal dəyişkənliklərlə əlaqəsi və qoyulan fiziki məsələnin riyazi çətinlikləri barədə müzakirələr aparılıb. Nəticədə rəsədxananın əməkdaşları tərəfindən təqdim olunmuş riyazi məsələlərin həllində onlara kömək etmək üçün işçi qrup müəyyənləşdirilib.