ELM VƏ TƏHSİL


Alimlər gizli sosial şəbəkələrin aşkarlanması üçün yeni metod təklif ediblər

Bakı, 4 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, həmin institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və elmi işçi Günay Niftəliyevanın həmmüəllifi olduqları “İstifadəçi şərhlərinin sentiment analizi əsasında e-dövlət mühitindən sosial şəbəkələrin çıxarılması” (“Extracting social networks from e-government by sentiment analysis of users”) sərlövhəli məqalə “Scopus” elmi bazasında indeksləşən yüksək reytinqli “Electronic Government” beynəlxalq jurnalında dərc edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalədə dövlət əleyhinə təbliğatın qarşısının alınması üçün metod təklif olunub. Metodda sentiment analiz, “opinion mining”, “text mining” və sosial şəbəkə analizi üsullarından istifadə edilib. Təklif edilmiş metodda vətəndaşların e-dövlət mühitində yerləşdirilən sənədlərə yazdığı şərhlər əsasında gizli sosial şəbəkələr və onlar arasında münasibətlərin dərəcəsinin müəyyənləşdirilməsi nəzərdə tutulub. Bu məqsədlə əvvəlcə şərhlər analiz olunub, qruplaşdırılıb və onların içərisində heç olmasa bir dəfə mənfi şərh yazan istifadəçilər arasından gizli sosial şəbəkələr aşkarlanıb. Aşkarlandıqdan sonra bu sosial şəbəkələrdən əsas faktorlar müəyyən olunub. Bununla yanaşı, məqalədə müxtəlif mühitlərdə sosial şəbəkələrin çıxarılması metodları, eləcə də e-dövlətin idarə olunmasında sosial şəbəkələrin rolu haqqında məlumat verilib.

Bu məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsi çərçivəsində hazırlanıb.

Qeyd edək ki, “Scopus” (Elsevier), “Academic OneFile” (Gale), “Asian Digital Library”, “DBLP Computer Science Bibliography”, “Google Scholar” və digər nüfuzlu elmi bazalarda indeksləşən “Electronic Government” jurnalı e-idarəetmə, e-demokratiya və e-səsvermə sahəsində, o cümlədən insan-kompüter qarşılıqlı əlaqəsi, hökumət xidmətlərində əşyaların interneti, idarəetmədə bulud hesablama tətbiqləri, verilənlər anbarı və “data mining” istiqamətlərində aparılan tədqiqatları əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.