ELM VƏ TƏHSİL
Alimlər məktəblilərə kimya fənnini tədris edəcəklər
Bakı, 16 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi və Suraxanı Rayon İcra Hakimiyyəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, razılaşmaya əsasən, Neft-Kimya Prosesləri İnstitutunun alimləri rayon məktəblərinin 10-cu sinfində təhsil alan və gələcəkdə I qrup ixtisaslarını seçən, xüsusi istedadı ilə fərqlənən və aztəminatlı ailələrdən olan 15 şagirdi sentyabrın 15-dən iki il müddətində kimya fənnindən hazırlaşdıracaqlar.
Həftədə iki dəfə institut alimləri rayonun Heydər Əliyev Mərkəzində şagirdlərə kimyadan məşğələlər keçəcək və ayda bir dəfə onların institutun laboratoriyalarında görülən işlərlə tanışlığı təşkil ediləcək. Şagirdlər institut tərəfindən əlavə dərs vəsaitləri ilə təmin olunacaqlar. Hər rübdə bir dəfə institut alimləri tərəfindən hazırlıq səviyyəsinin yoxlanılması məqsədilə şagirdlər üçün sınaq testləri keçiriləcək.