CƏMİYYƏT
Alimlər qida zəhərlənməsinin əlamətlərini və risk qruplarını göstəriblər
Bakı, 30 iyun, AZƏRTAC
Alimlər bildirirlər ki, qidanın təhlükəli mikroorqanizmlərə yoluxması ərzaq məhsulları emalının müxtəlif mərhələlərində sanitariya qaydalarının pozulması, habelə ərzağın saxlanması zamanı baş verə bilər. Həm çiy ərzaq məhsullarından, həm də bişmiş yeməklərdən zəhərlənmək olar.
AZƏRTAC “dni24.com” saytına istinadla xəbər verir ki, Britaniya Milli Səhiyyə Xidmətinin mütəxəssisləri bu cür halların baş verməməsi üçün nə etmək, habelə hansı vəziyyətlərdə həkimə müraciət etmək barədə söhbət açıblar. Titrəmə, əzələ ağrısı, yüksək temperatur, qarın nahiyəsində qıcolmalar, qusma, diareya, ürəkbulanma halları qida zəhərlənməsinin əlamətləri ola bilər. Bu cür vəziyyət adətən bir neçə gündən sonra özünü göstərir. Lakin bəzən özünümüalicə insan həyatı üçün təhlükə doğura bilər. Hamilə vəziyyətində, səhhətdə ciddi problemlər olanda, 60 yaşdan yuxarı hallarda yuxarıda qeyd olunan əlamətlər üç gündən çox davam edərsə, həkimə müraciət etmək məsləhətdir. Yadda saxlamaq lazımdır ki, hər il qida zəhərlənməsindən 420 min adam ölür.
Ekspertlər problemin yaranmaması üçün bir neçə sadə qaydaya əməl etməyi xatırladırlar. Meyvə-tərəvəzi yaxşı-yaxşı yuyandan sonra yemək lazımdır, eləcə də soyuducuya qoyulan ərzaq məhsullarının saxlama müddətini nəzərdən qaçırmaq olmaz. Habelə qablaşdırılmış, filtrdən keçirilmiş ya da qaynadılmış sudan istifadə etmək məsləhətdir. Yeməkdən əvvəl əlləri mütləq yumaq lazımdır.