DÜNYA


Alimlər: qlobal istiləşmə okeanlarda ciddi problemlər yaradıb

Bakı, 1 noyabr, AZƏRTAC

Qlobal istiləşmə ilə bağlı alimlərin apardığı yeni tədqiqat göstərib ki, son 25 ildə okeanlarda suyun hərarətinin artması daha intensiv hal alıb. Dənizlərin tərkindən çıxarılan xam neftin həcmi isə ümumi karbohidrogen ehtiyatlarının 60 faizinə çatıb. Bu amillər planetimizdə yeni fəlakətlərə yol açacaq qlobal istiləşmə prosesini sürətləndirir, həmçinin böyük su hövzələrində biomüxtəlifliyə ciddi təhlükə törədir.

AZƏRTAC “Nature” jurnalına istinadla xəbər verir ki, Hökumətlərarası İqlim Dəyişiklikləri Panelində (IPCC) təqdim olunan hesabata görə, dünya okeanları istixana qazlarının təsirinə normadan 90 faiz artıq məruz qalıb. Nəticədə, Yer kürəsinin atmosferi karbon dioksid qazına qarşı daha həssas hala gəlib.

Tədqiqat müəlliflərinin qənaətinə görə, vəziyyətdən çıxış yolu hökumətlərin imzaladığı Paris sazişinin şərtlərinə əməl edilməsidir. Qeyd olunur ki, IPCC-nin başlıca hədəfi - havanın temperaturunun sənayeləşmə dövründən əvvəlki səviyyəyədək 1,5 dərəcə selsi düşürülməsi üçün təxirəsalınmaz tədbirlər görülməlidir.

ABŞ-ın Nyu-Cersi şəhərindəki Prinston Universitetinin professoru Laura Resplandinin sözlərinə görə, karbon dioksid qazının atmosferə buraxılmasını kəskin şəkildə aşağı salmaq istiqamətində həyata keçiriləcək bu tədbirlər nəticəsində insanların müxtəlif sahələrdə - sənayedə, kənd təsərrüfatı və inşaat sektorunda fəaliyyət səviyyəsi 25 faiz azalmalıdır. Lakin bu azalma real görünmür. “Daha isti okeanlar oksigeni daha az saxlayır və bu, su hövzələrində ekoloji tarazlığı pozur. Digər tərəfdən, okeanlarda istiləşmə dənizlərdə suyun səviyyəsinin qalxmasına da səbəb olur”, -deyə amerikalı alim əlavə edib.

Tədqiqat müəllifləri və iqlim dəyişiklikləri üzrə ekspertlər texnologiyanın inkişafı, yeni və ekoloji cəhətdən təmiz enerji mənbələrinin istifadəyə verilməsini vəziyyətdən yeganə çıxış yolu hesab edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.