CƏMİYYƏT
Alimlər qlobal istiləşmənin energetik əsaslandırılmasını təqdim ediblər
Bakı, 28 yanvar, AZƏRTAC
Alimlər son 35 ildə meteoroloji peyklərdən alınmış məlumatlardan istifadə etməklə Yer atmosferində mexaniki enerji növlərinin hərəkətini və onun qarşılıqlı təsirini ətraflı öyrəniblər. Bu, atmosferdəki potensial və kinetik enerji arasında qarşılıqlı təsiri təsvir etmək üçün mürəkkəb bir düsturun – Lorensin uzunmüddətli energetik tsiklinin variasiyalarının ilk ciddi tədqiqidir.
Bu araşdırma qlobal istiləşmə şəraitində dünyada baş verən hadisələrə yeni mövqedən nəzər salmağa imkan verir. Hyuston Universitetinin, Kaliforniya Texnoloji İnstitutunun və Çindəki Quylin Elektron Texnika Universitetinin əməkdaşlarının iştirakı ilə aparılmış tədqiqatın nəticələri “Nature Communications” jurnalında dərc edilib. AZƏRTAC bu barədə gismeteo.ru saytına istinadla xəbər verir.
Araşdırmanın müəllifləri qeyd edirlər ki, Yer atmosferinin istilik effekti artdıqca potensial enerjinin çox hissəsi atmosferdə hərəkətverici qüvvə olan kinetik enerjiyə çevrilir.
Qeyd edək ki, indiyə qədər aparılmış analoji tədqiqatlar daha az müddəti – beş ildən on ilə qədər olan dövrü əhatə edirdi. Yeni tədqiqatın müəllifləri isə peyklər vasitəsilə fəal müşahidələr sayəsində son 35 illik məlumatları təhlil etmək imkanı əldə ediblər.