ELM VƏ TƏHSİL
Alimlər radiasiya və nüvə təhlükəsizliyi ilə bağlı məktəblilərin suallarını cavablandırıblar
Bakı, 5 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) Abşeron rayonunun Ceyranbatan qəsəbəsindəki 1 saylı orta məktəbin şagird və müəllim heyətinin iştirakı ilə seminar keçirilib.
AZƏRTAC science.gov.az saytına istinadla xəbər verir ki, seminarda institutun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov şagirdlərə radiasiya və nüvə təhlükəsizliyi, radioekologiya, nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi problemlərindən danışıb, həmçinin rəhbərlik etdiyi müəssisənin yaranma tarixi, fəaliyyəti və elmi-tədqiqat istiqamətləri haqqında məlumat verib.
Elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva isə RPİ-də əldə olunmuş nailiyyətlər və qurumun xarici əlaqələrindən söz açıb.
Tədbirdə institutun elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Müslüm Məmmədov radiasiya, onun təhlükəli məqamları, mənfi təsirləri və yaradacağı fəsadlar barədə təqdimatla çıxış edib.
Daha sonra məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Sonda şagirdlər elmi müəssisənin laboratoriyaları ilə tanış olublar.