ELM VƏ TƏHSİL
Alimlərin hazırladığı gübrə Ucarda pambıq və qarğıdalı əkini sahələrində tətbiq olunub


Bakı, 9 iyun, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən birgə elmi-tədqiqat işlərinə başlanılıb.
Bu barədə AZƏRTAC-a Torpaqşünaslıq və Aqrokimya İnstitutundan bildirilib. Hər iki müəssisənin rəhbərləri və əməkdaşları Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Ucar dayaq məntəqəsində olublar. Neft-Kimya Prosesləri İnstitutu tərəfindən hazırlanan gübrə Ucar dayaq məntəqəsində pambıq və qarğıdalı bitkisi altında tətbiq olunub. Akademik Vaqif Abbasov gübrənin əhəmiyyəti, rentabelliyi, ekoloji təsiri, məhsuldarlığa və keyfiyyət göstəricilərinə təsiri haqqında məlumat verib. Suda yaxşı həll olunan gübrənin əldə olunması zamanı heç bir tullantı meydana gəlməyib. Kompleks gübrənin iqtisadi cəhətdən səmərəliliyi xüsusi olaraq qeyd edilib. Gübrənin tətbiqi zamanı ekoloji təmiz məhsul alınması nəzərdə tutulur.
Həmçinin sahədən institutun əməkdaşları analiz olunması nəzərdə tutulan torpaq nümunələri götürüblər.