REGİONLAR
Alina Fazlyanova: Qəbələdəki atıcılıq mərkəzi dünyada çox az sayda olan müasir komplekslərdən biridir VİDEO
Qəbələ, 19 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Azərbaycanda çoxlu idmançı dostlarım var. Sizin ölkədə atıcılığın inkişafı üçün yaxşı maddi-texniki baza yaradılıb. Düşünürəm ki, dünya səviyyəli idman yarışlarının keçirilməsi üçün təkcə ölkənizin paytaxtı Bakıda deyil, regionlarında da müasir infrastrukturun yaradılması, həmçinin atıcılıq növləri üzrə Qran-pri və Dünya Kuboku yarışlarının Qəbələ şəhərində keçirilməsi böyük önəm daşıyır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Qəbələdəki Stend və Ox Atıcılığı Kompleksində keçirilən gənclər arasında Dünya Kuboku yarışlarında dairəvi stend atıcılığı üzrə qızıl medal qazanan Rusiya idmançısı Alina Fazlyanova deyib.
O, bu yarışlarda Rusiyadan olan tanınmış gənc atıcıların iştirak etdiyini və ilk gündə komanda üzvlərinin uğur əldə etdiyini bildirib: “Komandamızın ilk qızıl medalını mən qazandım. Sonra qızlar arasında yerə uzanaraq kiçikçaplı tüfəngdən 50 metr məsafəyə atəşaçma yarışında Anastasiya Qalaşina gümüş, oğlanlar arasında qoşa səngər stend yarışlarında Aleksandr Filippov gümüş medal əldə etdi. Sonadək Rusiya idmançılarının yenə mükafat qazanacağına ümid edirəm”.
“Azərbaycana bir neçə dəfə gəlmişəm və burada hər şeyin gözəl olduğunun şahidiyəm. Azərbaycanda atıcılıq idman növünün gələcəyini çox yaxşı görürəm. Qəbələdə və Bakıda müasir atıcılıq mərkəzlərinin olması barədə məlumatım var. Qəbələdəki atıcılıq mərkəzi dünyada çox az sayda olan müasir komplekslərdən biridir”, - deyə Alina Fazlyanova qeyd edib.