İQTİSADİYYAT


Alış-veriş və ya iaşə xidmətlərindən istifadə zamanı kassa çeki təqdim edilməlidir

Bakı, 22 iyul, AZƏRTAC

Mövcud qanunvericiliyə əsasən, istehlakçılar istər alış-veriş zamanı, istərsə də ictimai iaşə obyektlərinin xidmətlərindən istifadə edərkən kassa çekini tələb etməlidirlər. Onlar bu yolla alışlarını rəsmiləşdirir və bununla da vergilərin ödənilməsində dolayı şəkildə iştirak edirlər.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, sahibkarlar isə əhali ilə nağd pul hesablaşmaları aparan zaman nəzarət-kassa aparatlarından istifadə etməli və alış-veriş zamanı alıcılara kassa çeki təqdim etməlidir.

Nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə vergiödəyicisinə il ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat, ikinci dəfə yol verildikdə 3000, üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.

Bundan başqa, il ərzində belə hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən rəsmi (yazılı) xəbərdarlıq edilir. Rəsmi xəbərdarlıq edilmiş sahibkarlar qanunla onlara verilmiş imkanları tükətməklə, vergi orqanının təhlilləri zamanı risk qrupuna aid edilə bilər ki, bu da həmin vergiödəyicisinin fəaliyyət göstərdiyi təsərrüfat subyektlərində vergi nəzarəti tədbirlərinin intensivliyinin artmasına gətirib çıxara bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.