MƏDƏNİYYƏT


“Əlişir Nəvai əsərləri” kitabının təqdimatı olacaq

Bakı, 13 may, AZƏRTAC

Mayın 16-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Özbəkistan Respublikası Ali Məclisi Qanunvericilik Palatasının deputatları ilə görüş, eləcə də türk dünyasının böyük söz ustadı Əlişir Nəvainin 580 illik yubileyinin qeyd olunması münasibətilə tədbir və təşkilatın himayəsi ilə çap olunan “Əlişir Nəvai əsərləri” adlı kitabın təqdimatı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən türk dünyasının çoxəsrlik tarixinin, zəngin mədəniyyətinin beynəlxalq miqyasda tanıdılması və gələcək nəsillərə ötürülməsi istiqamətində müxtəlif genişmiqyaslı tədbir və layihələr həyata keçirilməkdədir. Belə layihələrdən biri “Əlişir Nəvai əsərləri” kitabının çapa hazırlanması və nəşr olunmasıdır. Kitabda orta əsrlər klassik türk ədəbiyyatının böyük nümayəndələrindən Əlişir Nəvainin əsərləri ilə yanaşı, məşhur özbək incəsənətinin miniatürləri öz əksini tapıb. Nəşr Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın “Ön söz”ü ilə açılır. Kitabı tərtib edən, çağataycadan uyğunlaşdıran, həmçinin qeyd və şərhlərin də müəllifi Bakı Dövlət Universiteti Türkologiya kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Ramiz Əsgərdir.

Qeyd edək ki, təqdimat mərasimində Əlişir Nəvainin həyat və yaradıcılığı ilə bağlı müzakirələr aparılacaq, eləcə də Xalq artisti Vaqif Əsədovun bədii rəhbərliyi ilə Azərbaycanın tanınmış aktyor və aktrisalarının ifalarında şairin şeirləri səsləndiriləcək, həmçinin Özbəkistanın milli musiqiləri də təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.