“Əlişir Nəvai və XXI əsr” mövzusunda 8-ci beynəlxalq konfrans başa çatıb
AzerTAg.az
Bakı, 7 fevral, AZƏRTAC
Fevralın 7-də AMEA-nın Rəyasət Heyətində “Əlişir Nəvai və XXI əsr” mövzusunda 8-ci beynəlxalq konfransın bağlanış mərasimi olub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirin əvvəlində Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan və Özbəkistan prezidentləri tərəfindən iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişafına xüsusi önəm verildiyini vurğulayan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli özbək ədəbiyyatının böyük klassiki Əlişir Nəvai irsinin birgə tədqiq edilməsinin, bu mövzuda ortaq layihələrin həyata keçirilməsinin zəruriliyi və əhəmiyyətindən danışıb, Bakıda keçirilən beynəlxalq elmi konfransın uğurla başa çatdığını bildirib.
AMEA rəhbəri Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin inkişafındakı xidmətlərinə görə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru professor Şuxrat Sirojiddinova “Ədəbiyyat İnstitutunun fəxri dostu” diplomunu təqdim edib.
Professor Şuxrat Sirojiddinov sovet hakimiyyəti illərində Özbəkistan tarixinin, mədəniyyətinin saxtalaşdırıldığını nəzərə çatdırıb. Vurğulayıb ki, yalnız Özbəkistan müstəqillik qazandıqdan sonra ölkənin tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri sistemli tədqiqatlara cəlb olunub. Ədəbiyyat İnstitutu ilə qarşılıqlı münasibətlərə toxunan Şuxrat Sirojiddinov müasir dövrdə Azərbaycan-Özbəkistan elmi-ədəbi əlaqələrinin inkişaf etdirilməsində azərbaycanlı həmkarlarının xüsusi rolunu qeyd edib.
Konfrans çərçivəsində Şuxrat Sirojiddinovun Azərbaycan dilində nəşr edilmiş “Əmir Əlişir: həyatı və yaradıcılığı” kitabının təqdimatı da keçirilib.
Akademik İsa Həbibbəyli kitabı ədibin elmi tərcümeyi-halına dair Azərbaycan dilində çap olunmuş ilk əsər kimi qiymətləndirib. O, əsərin Nəvainin tələbələri və davamçılarının xatirələri və təzkirələri əsasında ərsəyə gəldiyini, nəşrin xarici dillərə tərcümə edilməsinin əhəmiyyətini bildirib.
Filologiya elmləri doktorları Almaz Ülvi Binnətova, Ramiz Əskər, Yaşar Qasımbəyli və Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin professoru Nurboy Cabbarov çıxış edərək əsərin məziyyətlərindən danışıblar.
İki gün davam edən konfrans Ədəbiyyat İnstitutu və Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.


Xəbərin mətnində orfoqrafik səhv var