MƏDƏNİYYƏT


Əlişir Nəvainin elmi-filoloji və dini-təsəvvüfi əsərləri haqqında monoqrafiya çap olunub

Bakı, 10 sentyabr, AZƏRTAC

Öz qədim tarixi və genişmiqyasda yayılmış ənənələri ilə seçilən türk xalqları qardaşlıq mövqeyini əsrlərdir ki, ədəbiyyat aləminə aşılamışdır. Dili bir, dini bir türk xalqlarının bir-biri ilə geniş şəkildə yayılmış əlaqələri daima diqqət mərkəzindədir. Müxtəlif məsələləri əhatə edən bu əlaqələr ədəbiyyat sahəsində daha geniş mövqe qazanmış, əsrlərcə yazıb-yaradan, fəaliyyət göstərən dahi sənətkarlar – şairlər, yazıçılar, ədəbiyyatşünaslar, alimlər, tədqiqatçılar sayəsində bugünümüzə qədər gəlib çatmışdır. Tarixən mövcud olan bu araşdırmalar qardaş xalqlar və ədəbiyyatlar arasındakı əlaqəni qüvvətləndirmişdir. XXI əsrdə elm və texnikanın inkişafı ədəbiyyatdan yan keçməmiş və bu əlaqələrin davamlı şəkildə gedişhatını tənzimləmişdir.

Müasir dövrdə türk xalqlarının qardaşlıq mövqeyinin ən bariz nümunəsi kimi Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin genişliyini göstərmək məqsədəuyğundur. Bu ədəbi əlaqələrin davamlı inkişafı xalqımızın ortaq ədəbiyyatından, mədəniyyətindən, incəsənətindən asılı olaraq yaranmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəzdində yaradılan və fəaliyyət göstərən “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” şöbəsi və “Əlişir Nəvai adına Ədəbiyyatşünaslıq mərkəzi” iki ölkə, iki xalq arasında mövcud olan bütün ədəbi əlaqələrin inkişafı və işıqlandırılması fonunda daima tədqiqatlar aparır və müasir gəncliyi iki qardaş xalqın yetişdirdiyi sənətkarlarla, onların yaşayıb-yaratdığı dövrlə, ərsəyə gətirdikləri əsərlərlə tanış edir. “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətovanın Azərbaycan-özbək ədəbi əlaqələri sahəsində gördüyü işlər onun apardığı tədqiqatlarda, yazdığı kitablarda əks olunub. Özbək ədəbiyyatının dahi mütəfəkkiri, şair, alim, ictimai xadim Nizaməddin Mir Əlişir Nəvai (1441-1501) şəxsiyyəti və yaradıcılığının aşiqi olan Almaz Ülvi öz yaradıcılığında daima Nəvai irsini araşdırır, yaşadığı dövrün, qələmə aldığı əsərlərin müxtəlif aspektlərini tədqiqata cəlb edir. Əlişir Nəvai iki qardaş xalqın - Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin davamlı inkişafında körpü rolunu oynamaqdadır. Hər iki xalq XV əsrin dahi mütəfəkkiri olan Əlişir Nəvai irsini qoruyur və yaşadır. Məhz bu səbəbdən XXI əsrdə də Nəvai şəxsiyyəti öyrənilir və araşdırılır, haqqında yeni tədqiqat əsərləri yazılır, kitablar çap olunur.

AZƏRTAC xəbər verir ki, yenicə nəşr olunmuş “Əlişir Nəvainin əsri və nəsri” monoqrafiyası Azərbaycan-özbək ədəbi əlaqələrinin, Azərbaycan nəvaişünaslığının inkişafına öz töhfəsini verən dəyərli kitabdır. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunan “Əlişir Nəvainin əsri və nəsri” monoqrafiyası özündə Ə.Nəvai əsərlərinin şərhini, məzmununu, analitik təhlilini cəmləşdirib. “Əlişir Nəvainin əsri və nəsri” monoqrafiyası “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova tərəfindən 2020-ci ildə Bakıda “Elm və təhsil” nəşriyyatında çap olunub. Kitabın elmi redaktorları akademik, AMEA-nın birinci vitse-prezidenti İsa Həbibbəyli və nəvaişünas, filologiya elmləri doktoru, professor Şöhrət Siracəddinovdur. Kitaba filologiya üzrə elmlər doktoru Ataəmi Mirzəyev, filologiya üzrə elmlər doktoru Yaşar Qasımbəyli, nəvaişünas, filologiya üzrə fəlsəfə doktoru Akif Azalp kimi dəyərli alimlər rəy yazmışlar. Kitaba akademik İsa Həbibbəyli tərəfindən “Azərbaycan nəvaişünaslığının yeni səhifəsi” adlı “Ön söz” yazılmışdır. “Ön söz”də tədqiqatçı Almaz Ülvi Binnətovanın Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin inkişafındakı böyük rolu və bu iki xalqın dəyərli sənətkarı Əlişir Nəvai və onun şəxsiyyəti haqqında məlumatlara yer verilib. 570 səhifədən ibarət olan bu monoqrafiya ümumilikdə Əlişir Nəvainin elmi-filoloji və dini-təsəvvüfi əsərlərini əhatə etməsi baxımından dəyərlidir.

“Əlişir Nəvainin əsri və nəsri” monoqrafiyası “Əlişir Nəvainin dövrü, həyatı və yaradıcılığından səhifələr” adlı hissə ilə başlayır. Burada tədqiqatçı əvvəlcə Nəvainin dövrünü, daha sonra isə keçdiyi həyat yolunu və zəngin yaradıcılığını işıqlandırıb. Bu hissədə diqqəti cəlb edən əsas amil dövrün araşdırılması zamanı paralel olaraq Əmir Əlişir Nəvai dövrünə qədər özbək dilinin – cığatay türkcəsinin keçdiyi yola nəzər salınması faktıdır. Cığatay-türk ədəbiyyatı türk xalqları ədəbiyyatının nəhəng bir qolunu təşkil edir. Tarixi daha qədimlərə aid olan cığatay türk ədəbiyyatı ənənələri dövrümüzə qədər yaşamış və hazırda da diqqət mərkəzindədir. Cığatay türk ədəbiyyatının islamdan sonrakı dövrünün yeni bir səhifəsi Xarəzm və Altınordu ədəbiyyatı hesab olunmaqdadır. Teymurilər dövrünün ilk bədii əsəri isə Əmirin 1381-ci ildə qələmə aldığı “Kitabəsi”dir. Burada deyilir: Yeddi yüz... Qara Toxmaq” (anlamı: təxminən Qıpçaq) ölkəsinə qoyun ili baharının orta ayında Turanın sultanı Teymur bəy iki yüz min əsgəri ilə adsanı üçün Toxtamış xanın üzərinə hücum etdi. Bu yerə gəlişi tarixə düşsün deyə müharibə etdi. Tanrı bunu ədalətə yazsın, inşallah. Tanrı xalqa rəhm eyləyə və bizi dua ilə yad edələr.

Monoqrafiyada ilk növbədə, cığatay sözünün anlamı araşdırılmış, bu sözün açıqlaması verilmiş və cığatay türk ədəbiyyatı tarixi bir bölgüdə verilmişdir. Tarixi mənbələrə nəzər saldıqda, cığatay sözünün monqol şahzadəsi və Çingiz xanın ikinci oğlunun adından götürüldüyünün şahidi oluruq. Belə ki, monqol istilası zamanı Çingiz xanın fəth etdiyi yerlərin bir hissəsi onun kiçik oğlu Cığataya məxsus oldu və o dövrün ənənələrindən biri də dövlətlərin, onların dilinin başçılarının adı ilə səslənməsi məsələsi idi. Məhz bu səbəbdən, kiçik oğul mənasını verən Cığatay sözü ərazi ilə yanaşı dilə də təsir göstərmiş və cığatay türkcəsi, ləhcəsi meydana gəlmişdir. Cığatay türkcəsi ilə yaradılan cığatay türk ədəbiyyatı Fuad Köprülü tərəfindən tarixi bölgüdə təqdim edilmişdir: 1. İlk cığatay dövrü (XIII və XIV əsrlər) 2. Klassik cığatay dövrünün başlanğıcı (XIV və XV əsrlər) 3. Klassik cığatay dövrü (XV əsrin ikinci yarısı). 4. Klassik dövrün davamı (XVI əsr). 5. Geriləmə və tənəzzül dövrü (XVII və XIX əsrlər).

Müasir dövrdə mövcud olan özbək dilinin inkişafında cığatay türcəsinin təsiri böyükdür. Əsrlərcə dəyişikliklərə məruz qalan cığatay türkcəsi müxtəlif dövrlərdə müxtəlif adlarla (əski özbək dili, uyğur dili və s) öz varlığını və tarixiliyini qoruyub saxlamışdır.

Əmir Əlişir Nəvai şəxsiyyəti – istər Azərbaycan, istərsə də özbək ədəbiyyatı üçün böyük bir zirvə sayılır. Orta əsrlər Azərbaycan ədəbiyyatında özünəməxsus iz qoyan, bütövlükdə böyük bir əsrə təsir göstərən Nəvai şəxsiyyəti və yaradıcılığı tədqiqat işinin əsasını təşkil edir. Monoqrafiyada “Əmir Əlişir Nəvainin ədəbi xəzinəsinin inciləri” yarımbaşlığı altında Nəvaininin elmi filoloji və dini-təsəvvüfi əsərləri sadalanmış və bu əsərlərdə nədən bəhs olunduğu qısa şəkildə verilib.

Ə.Nəvai nadir şəxsiyyətlərdəndir ki, onun əsərlərini oxuyub təhlil edərkən, eyni zamanda, onun yaşadığı həyatı, dövrü, tarixi də tədqiq etmiş olursan. Bütün həyatı yuxarıda adlarını çəkdiyimiz əsərlərdə əks olunan Nəvai yaradıcılığı bunlarla kifayətlənmir. Nəvai həyatını və yaradıcılığını “bütöv bir memuar tablosu” adlandıran Almaz Ülvi monoqrafiyasının növbəti səhifələrində Nəvainin həyat yoluna nəzər salıb və bir-biri ilə ahəng təşkil edən, bir-birinə bağlı olan Nəvai həyatı ilə irsini, dövrü ilə yaradıcılığını geniş şəkildə araşdırıb. 1441-ci il fevral ayının 9-da Xorasan əyalətinin qədim Herat şəhərində zadəgan ailəsində anadan olan Əlişir Nəvainin həyat yolu olduqca maraqlıdır. Atası və babasının Teymurilər sarayında xidmət etməsi sonralar Nəvainin həyatına da təsir edib, o da Teymurilər sarayında tanınmış ictimai xadim kimi fəaliyyət göstərib. Əlişir Nəvainin uşaqlıq və gənclik illəri Hüseyn Bayqara ilə birlikdə keçib. Ölkədə baş verən bir sıra taxt-tac çəkişmələri zamanı Nəvai ailəsi ilə İraqa səfər edib, 1452-ci ildə yenidən Herata qayıdıb və təhsilini burada davam etdirib. Nəvai kimi sənətkarın yetişməsində təhsilin, mühitin rolu böyü olsa da, ən başlıca amil bu şəxsiyyətin hələ uşaq yaşlarında böyük istedada malik olması idi. Şeir yazmağa uşaqlıq illərindən başlamış Nəvai 15 yaşında tanınmış şair kimi ad qazanmağı bacarıb. Ədəbiyyata, şeirə, sənətə olan həvəsi və həyat eşqi bir-birindən qiymətli Nəvai əsərlərinin meydana gəlməsində, müasir dövrdə də sevilməsində və tədqiq olunmasında əsas rol oynayıb. Belə şəxsiyyətin yetişməsində, iki qardaş xalqın ədəbiyyatında silinməz izlər buraxmasında Nəvainin atası və dayılarının, daha sonralar isə onun himayədarı olan, türkcə şeirlər yazan Sultan Əbul-Qasım Baburun və “Qələndər” təxəllüslü şeirlər yazan, Lütfini oxuyub onu özünə örnək almasını təlqin edən Həsən Ərdəşirin də rolları danılmaz faktdır. Bütöv bir ömrü saraylarda keçən şairin zaman-zaman dünyagörüşü dəyişir, saray həyatında şahidi olduğu hadisələr onun şəxsi həyatına da təsir göstərir. Şah saraylarının pozğun və qarışıq bir zamanında yetişən bu şair dərəbəyliyin ən iyrənc və mənfur mənzərələrini görmüş, tac-taxt mübarizəsinə qalxmış oğulların babalarına qarşı yürüyən vəhşi orduları sırasında dəxi bulunmuşdur. Atanın oğullarını tac-taxt namına qurban etməsi, qadınların sürülər kimi əsir aparılması, Şərqin müdhiş baş kəsmək, dara çəkmək, zəhər içirmək kimi cəzalarını Əlişir Nəvai dəfələrlə görmüş, nəhayət, olduğu mənsəbdən iyrənməyə başlamışdı.

Lirik romantik, realist-tarixi, ədəbi-bədii, fəlsəfi-irfani və elmi-nəzəri əhəmiyyəti olan əsərlər müəllifi olan dahi mütəfəkkir Əlişir Nəvai öz yaradıcılığı, irsi ilə dünya klassikləri arasında özünəməxsus yer tutub. Nəvai yaradıcılığında əsas yer tutan məsələlərdən biri də Nizami Gəncəvi yaradıcılığına müraciət etməsi olub. Öz “Xəmsə”si ilə XII əsr Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirən ölməz ustad Nizami Gəncəvinin özündən sonra yaratdığı ədəbi məktəbin bir çox ardıcılları, nümayəndələri bu sahədə - "Xəmsə" yaratmaq sahəsində özünü sınamış, lakin bu məqsədə çox az şair nail ola bilmişdir. Nizami ilə Nəvaini üç əsr ayırsa da, Nəvai XII əsrdə qələmə alınan Nizami “Xəmsə”sini yenidən işləmiş və XV əsrdə ona yeni nəfəs qatmağı bacarmışdır. Qələmə aldığı lirik şeirləri “Xəzainul-məani” adlı divanında cəmləşdirən Nəvai bu divanı dörd hissəyə ayırmışdır. “Çahar divan” adlandırılan bu divana daxil olan əsərlərdə Nəvai insan ömrünün uşaqlıq, gənclik, orta yaş və qocalıq dövrünü təhlil etmişdir: 1.“Ğəraibus-siğər” (“Uşaqlığın qəribəlikləri”, 837 şeir); 2.“Nəvadiruş-şəbab” (“Gəncliyin nadirlikləri”, 759 şeir); 3.“Bədayəul-vəsət” (“Orta yaşın gözəllikləri”, 740 şeir); 4.“Fəvaidul-kibar” (“Böyüklüyün faydaları”, 793 şeir).

“Əlişir Nəvainin əsri və nəsri” monoqrafiyasının növbəti səhifələrində dahi mütəfəkkir Əlişir Nəvainin dil və ədəbiyyata dair əsərlərinin, sənədlərinin, bioqrafik əsərlərinin, təzkirələrinin, tarixi əsərlərinin, dini əsərlərinin hər biri ayrıca yarımbaşlıqlar şəklində tədqiq olunub. Monoqrafiyada bütün bölgülərin cədvəllərdə verilməsi əsərlərin daha rahat qavranılmasına kömək edir. Nəvainin dil və ədəbiyyata dair qələmə aldığı əsərlər sırasına “Mühakimətul-lüğəteyn” (“İki dilin müqayisəsi” nəsr, 1499), “Mizanul-əvzan” (“Vəznlərin mizanı”, nəsr, 1490-1499) və “Səb´at əbhur” (“Yeddi dəniz” nəsr) daxildir. Sənədlər yarımbaşlığında “Münşəat”, “Vəqfiyyə”; bioqrafik əsərlər hissəsində “Haləti-Seyyid Həsən Ərdəşir”, “Xəmsətul-mütəhəyyirin”, “Haləti-Pəhləvan Məhəmməd”; təzkirələr sırasında “Məcalisun-nəfais”, “Nəsaimul-məhəbbət”; tarixi əsərlər bölməsində “Zubdətut-təvarix”, “Tarixi-ənbiya və hükəma”, “Tarixi-müluki əcəm”; dini əsərlərində isə “Hədisi-ərbəin”, “Nəzmul-cəvahir”, “Lisanut-teyr”, “Qisseyi-Şeyx Sənan”, “Siracul-muslimin”, “Məhbubul-qülub”, “Risaleyi-tiyr andoxtan”, “Minacat” kimi elmi-filoloji və dini-təsəvvüfi əsərləri yer almışdır. “Haləti-Seyyid Həsən Ərdəşir” və “Haləti-Pəhləvan Məhəmməd” əsərlərində uşaqlıq və gənclik illəri; “Mizanul-əvzan” əsərində onun ədəbiyyat nəzəriyyəçisi – əruzşünas alim kimi xidmətləri ilə tanış oluruq; “Səb´at-abhur”da “Qurani-Kərim”in yazıldığı ərəb dili lüğətçiliyini anlatmaqla yanaşı, onun ərəb dilini də gözəl bildiyi haqda məlumat əldə edirik; “Münşəat” əsərində türk dilində rəsmi dövlət yazışmalarının – məktublaşmaların örnəkləri sənədləşmə tarixi haqqında aydın təsəvvür yaradır; “Vəqfiyyə” əsərində bu dahi və imanlı şəxsiyyətin nəhayətsiz miqyasda olan xeyriyyəçilik işləri ilə tanış oluruq; “Zubdətut-təvarix” başlığı ilə təqdim etdiyi iki tarixi əsər – “Tarixi-ənbiya və hükəma” və “Tarixi-müluki əcəm” əsərlərində onu tarixçi alim kimi tanıyırıq; “Nəzmul-cəvahir”, “Hədisi-ərbəin”, “Məhbubul-qülub”, “Siracul-müslimin”, “Risaleyi-tiyr andoxtan” və “Minacat” əsərləri ilə islam dininin xalq arasında türkcə anladılması sahəsindəki tarixi xidmətləri ilə tanış oluruq; “Lisanut-teyr” əsərində, ömrünün sonuna yaxın yazdığı bu əsəri ilə dahi insanın kamillik dövrünə dolduğuna şahid oluruq.

“Əlişir Nəvainin əsri və nəsri” monoqrafiyasında “Əlişir Nəvainin əldə edilməyən və yazılmayan əsərləri”, “Əlişir Nəvainin ədəbi təxəllüsləri”, “Ulu Herat”, “Əlişir Nəvai və Azərbaycan”, “Əlişir Nəvai və Azərbaycan ədəbiyyatşünaslığı” kimi yarımbaşlıqlar verilmiş və bu yarımbaşlıqlar haqqında qısa məlumatlar əks olunmuşdur. “Əlişir Nəvainin əldə edilməyən və yazılmayan əsərləri” bölməsində Nəvai yaradıcılığının bizə bəlli olmayan tərəflərinin araşdırılması olduqca dəyərlidir. Tədqiqatçı burada Əlişir Nəvainin bu günə qədər əldə edilməyən əsərlərini mühüm faktlara əsaslanaraq sadalamışdır: 1. İlk iki “Divan”ı - “Bədayəul-bidayə” (1466-1482), “Nəvadirun-nihayə” (1482- 1492); 2. “Zubdətut-təvarix”; 3. “Risaleyi müəmma” (farsca); 4. “Vəqfiyyə” (farsca); 5. “Münşəat” (farsca); 6. “Yusif və Züleyxa”; 7. “Şeyx Sənan məhəbbəti”; 8. “Siyərul-müluk”....

“Əlişir Nəvainin ədəbi təxəllüsləri” hissəsində tədqiqatçı dahi Əlişir Nəvainin yaradıcılığı boyu istifadə etdiyi hər iki təxəllüsdən bəhs açır və ilk növbədə Nəvai sözünün mənasını izah edir: Nəvai – çoxmənalı sözdür. Daha çox – avaz, ahəng, nəğmə, səs, melodiya, təravətli mənalarında işlənir. Əlişirə bülbülün dilindən çıxan “nəva” sözü daha doğma gəlir və özünə Nəvai sözünü təxəllüs götürür. Erqaş Açilovun təbirincə desək, Nəvai sözünün ahəng, səs, nəğmə, melodiyadan başqa, bu söz azuqə, nemət, qida; bəylik, dövlət; ehtiyat; qismət, bəhrə; tədbir tökən, məsləhətçi, xeyirxah, problem həll edən, bir iş görən; nizam-intizamlı, sifariş, rifah; zamin olan, girov qoyulmuş əmlak; səs-səda; yaşayış imkanları yaradan, yaşamaq lazım olan şeyləri həll edən və s. kimi mənaları da ifadə edir. Nəticə olaraq, qeyd etməliyik ki, şair türkcə qələmə aldığı əsərlərində “Nəvai” təxəllüsündən istifadə etmişdir.

Boş, ötəri, keçici, müvəqqəti, yox olma, həmişəlik olmayan, puç və s. mənaları ifadə edən “Fani” təxəllüsündən farsca yazdığı əsərlərində istifadə etmiş, Nəvainin bu təxəllüsü seçməsi daha çox təriqətlərlə bağlı olmuş, o, təsəvvüf əhlindən sayılmış, hətta özü tamamilə dərvişlik yoluna qədəm qoyaraq nəqşibəndilik təriqətinə meyil etmişdir.

Daha sonra tədqiqatçı Almaz Ülvi Binnətova “Ulu Herat” başlığı altında yazdığı məqalədə Əlişir Nəvai şəxsiyyətinin doğulub, boya-başa çatdığı, yazıb-yaratdığı Herat şəhəri ilə bağlı təəssüratlarını oxucularla bölüşmüşdür: Herat! Qədim Herat! Dahilər yetişdirən Herat! Ulu Herat – dahi Əlişir Nəvainin doğulduğu, fəaliyyət göstərdiyi və vəfat etdiyi şəhər! Ulu Herat – dahi Əlişir Nəvaiyə qol-qanad verən, ona zirvənin yollarını taybatay açan, türkcənin elmini, ədəbi dilini, sənətkarlığını cahanda yer almasına, tarixin yaddaşına, söz-sənət meydanında yer tutmasına səbəbkar olan şair təbli Sultan Hüseyn Bayqaranın doğulduğu və vəfat etdiyi şəhər! Ulu Herat – Nəvai kimi dahilərin ustadım, pirim, şeyxim, qibləgahım – deyə ətəyində namaz qıldıqları Əbdürrəhman Caminin səcdə etdiyi şəhər! Ulu Herat – Şah Qasım Ənvarın sığındığı və bir qarış torpağında ona cənnət məkanın qapılarını açan şəhər!.

Onu da qeyd edək ki, monoqrafiyanın sonunda 2 əlavə cədvəl verilmişdir. Bu cədvəllərdə Ə.Nəvainin təzkirələri - “Məcalisün-nəfais” və “Nəsaimul-məhəbbət” əsərlərində bəhs edilən şairlərin, övliyaların, şeyxlərin siyahısı verilmişdir. Bununla da, oxucu təzkirələr haqqında məlumat alarkən bu cədvəllər sayəsində orada yer alan 459 və 770 şair, şeyx və övliyalar ilə tanış olur.

Ədəbiyyat siyahısı hissəsində kitabda istifadə olunmuş mətn və mənbələrlə yanaşı, müəllif Almaz Ülvi Binnətovanın Özbək ədəbiyyatı və Əlişir Nəvai ilə bağlı müxtəlif illərdə nəşr etdirdiyi kitab və məqalələrin siyahısı (285) verilmişdir.

“Əlişir Nəvainin əsri və nəsri” monoqrafiyası müasir dövrdə Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin möhkəmliyini, bağlılığını göstərmək baxımından dahi mütəfəkkir Əlişir Nəvai şəxsiyyətini və yaradıcılığını XXI əsr gəncliyinə təqdim edən olduqca dəyərli bir mənbədir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.