REGİONLAR


Əliyevlər ailəsi əmindir ki, Zəngilan, Ağalı təsəvvür etdiklərindən daha gözəl olacaq

Sumqayıt, 28 aprel, Ətrabə Rzayeva, AZƏRTAC

Biz 28 ildir Zəngilanı tərk edib Sumqayıt şəhərində məskunlaşmışıq. Zəngilanda bizim hər bir şəraitimiz olub, heç bir sıxıntı yaşamamışıq. Sumqayıtda məskunlaşdıqdan sonra əvvəl-əvvəl bir qədər çətinliklərimiz olsa da, dövlətimizin diqqəti və qayğısı nəticəsində hər şey öz qaydasına düşdü. Nə qədər gözəl şəraitdə yaşasaq da, yenə də Vətən həsrətini çəkirik.

Bu sözləri Zəngilanın Ağalı kəndindən olan məcburi köçkün Nurəddin Əliyev deyib.

AZƏRTAC-ın müxbiri Əliyevlər ailəsinə baş çəkib, onların sevincini bölüşüb.

İndi Nurəddin Əliyevin sevincinin həddi-hüdudu yoxdur. “Vətən müharibəsində qələbəmizin qürurunu bu gün də fərəhlə yaşayırıq. Allaha min şükür olsun ki, torpaqlarımız Ali Baş Komandanın siyasəti, ordumuzun rəşadəti nəticəsində azad olundu. 28 ildə o qədər yaxınlarımız Vətən həsrəti ilə dünyasını dəyişdi ki... Bu gün onların da ruhu şaddır”, - deyə o vurğulayıb.

Aprelin 26-da Prezident İlham Əliyevin Zəngilana səfərindən, Ağalı kəndində “Ağıllı kənd” layihəsinin təməlqoyma mərasimində iştirak etməsindən ağız dolusu danışan Nurəddin Əliyev bildirib ki, oğlu Elvinin də həmin tarixi hadisənin canlı şahidi olmasından qürur duyur.

Söhbətə qoşulan Nurəddin Əliyevin həyat yoldaşı Aidə xanım Zəngilandan gələndən sonra şəhər mühitinə uyğunlaşmağa çox əziyyət çəkdiklərini söyləyir. “Ağalıda dörd yanımız öz qohumlarımız, kəndlilərimiz idi. Burada isə tanımadığımız insanlardır. Prezidentimiz dedi ki, o torpaqlara qayıdan ilk sakinlər ağalılılar olacaq, bu, bizi çox sevindirir. Bizə göstərilən etimad üçün dövlətimizin başçısına öz təşəkkürümü bildirirəm. Övladımız Elvin də bizim təşəkkürümüzü Prezidentimizə Ağalıda olarkən şəxsən çatdırdı. Şadam ki, övladlarımızı vətənpərvər ruhda böyüdə bilmişik. Onlara Vətən sevgisini aşılaya bildiyimizə görə çox məmnunam”, - deyə o, əlavə edib.

Əliyevlər ailəsinin indi bir arzusu var: tez bir zamanda doğma yurda qayıtmaq və firavan həyat yaşamaq. Onlar inanırlar ki, Azərbaycanda ilk dəfə məhz Ağalıda həyata keçirilən “Ağıllı kənd” layihəsi kəndi daha da gözəlləşdirəcək, qabaqcıl yaşayış məntəqələrindən birinə çevirəcək. Əmindirlər ki, Zəngilan, Ağalı təsəvvür etdiklərində daha gözəl olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.