CƏMİYYƏT


Əllərin təmiz yuyulması gigiyenanın əsas tələblərindən biridir

Bakı, 15 oktyabr, AZƏRTAC

Oktyabrın 15-i Dünya Əllərin Yuyulması Günüdür. Bu tarix 2008-ci ildən BMT Baş Assambleyası sanitariya ili çərçivəsində BMT-nin Uşaq Fondunun təşəbbüsü ilə təsis edilib. Günün elan edilməsinə dəstək olaraq həmin tarixdə eyni anda dünyada 70-dən çox ölkədə 120 milyondan çox uşaq sabunla əllərini yuyub.

AZƏRTAC xəbər verir ki, əllərin yuyulması hər kəsin şəxsi işidir və hər kəs də onu öz səliqəsinə və təmizkarlığına uyğun yerinə yetirir. Digər tərəfdən, BMT-nin və Dünya Səhiyyə Təşkilatı mütəxəssislərinin qeyd etdiyi kimi, geniş miqyasda baxanda əllərin yuyulmaması faciəli nəticələrə aparıb çıxarır. Yuyulmamış əllər vəba, virus pnevmoniyası, hepatit, qrip, difteriya, konyuktivit, qaşınma və müxtəlif göbələk xəstəliklərinə yoluxma riskini dəfələrlə artırır.

“Çirkli əllər” Asiya və Afrika ölkələrində uşaq ölümünün yüksək faizinin əsas səbəblərindən biridir. UNICEF-in məlumatına görə, “çirkli əllər xəstəliyi” adlandırılan ishaldan hər gün beş min uşaq ölür. Halbuki onlara yeməkdən əvvəl və tualetdən çıxdıqdan sonra əlləri sabunla yumaq öyrədilsəydi bu ölümlərin sayı dəfələrlə az olardı.

Həmin gün keçirilən genişmiqyaslı tədbirlərin məqsədi gigiyena qaydalarının vacibliyinə ictimaiyyətin diqqətini cəlb etməkdir. Kütləvi-informasiya vasitələrinin köməyi ilə Əllərin Yuyulması Günündə bir sıra ölkələrdə gigiyenik tədbirlər aparılır, məktəblilərə məlumat kitabçaları paylanılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.