REGİONLAR
Əlli ildən çox istismar olunan Vəlvələçay Hidroqovşağı əsaslı təmir edilib VİDEO
Bakı, 1 iyun, AZƏRTAC
Vəlvələçay hidroqovşağı şimal rayonlarını suvarma suyu, Bakı və Abşeron yarımadasını isə içməli su ilə təmin edir.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, şimal bölgəsində xüsusi əhəmiyyətə malik qurğulardan biri Vəlvələçay Hidroqovşağıdır. Hidroqovşaq Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsaslı şəkildə təmir edilib. Qubanın Vəlvələ kəndində yerləşən qurğu 1968-ci ildə istismara verilib. Həmin dövrdə şimal rayonlarında kənd təsərrüfatı sahələrinin suvarılmasında ciddi çətinliklər mövcud idi. Bu problemin həllinə nail olmaq üçün Vəlvələçay üzərində suayırıcı qovşaq inşa edilib. Sovetlər dönəmində qovşaqdan yalnız suvarma məqsədilə istifadə olunub. Hazırda isə Vəlvələçay Hidroqovşağı vasitəsilə həm şimal rayonları suvarma suyu ilə, həm də Bakı və Abşeron yarımadası içməli su ilə təmin edilir.
Uzun illər istismarda olan qurğunun təmirə ehtiyacı vardı. Bu səbəbdən də hidroqovşağın yerləşdiyi ərazi və qurğunun özü tam şəkildə yenidən qurulub. Aparılan yenidənqurma işləri nəticəsində əvvəllər kənarları açıq vəziyyətdə olan hidroqovşaq hasara alınıb. Ərazidə yeni inzibati bina tikilib, müasir standartlara uyğun asfalt yol çəkilib. Həmçinin ərazidə yeni ağaclar əkilib, yaşıllıqlar salınıb.
Aparılan təmir işləri zamanı ərazidə avtomat rejimdə işləyən işıqlandırma sistemi qurulub. Müasir işıqlandırma sistemi gecə saatlarında hidroqovşaq ərazisini işıqlandırmaqla yanaşı, həm də qurğuya xüsusi gözəllik verir.