ELM VƏ TƏHSİL


Alman alimin Şuşa haqqında kitabının ADA Universitetində təqdimatı olub

Bakı, 5 iyul, AZƏRTAC

ADA Universitetində Almaniyanın Qiesen Universitetinin dosenti türkoloq alim Mixael Reynhard Hessin “Şuşanın irsi. Azərbaycan mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyi, Milli Məclisin deputatları, universitetin müəllim və tələbələri, elmi ictimaiyyətin nümayəndələri və Şuşa ziyalıları iştirak ediblər.

ADA Universitetinin prorektoru Fariz İsmayılov Almaniya ilə əlaqələrin ölkəmiz üçün mühüm əhəmiyyət daşıdığını, bu əlaqələrin möhkəmlənməsinə xidmət edən hər bir addımın məmnunluq hissi doğurduğunu, alman alimin Şuşa haqqında yazdığı monoqrafiyanın Azərbaycan həqiqətlərinin Avropada yayılmasına sanballı töhfə olduğunu bildirib. M.Hessin kitabın ərsəyə gəlməsinə böyük əmək sərf etdiyi vurğulanıb, 1500 sitatdan və 600-dən çox mənbədən istifadə olunması mövzuya fundamental elmi yanaşmanın göstəricisi kimi dəyərləndirilib. Kitabın, xüsusilə, diplomatlarımız üçün vacib bir vəsait olması qeyd edilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Şuşa haqqında elmi araşdırmalara əsaslanan kitabın yazılmasının əhəmiyyətindən danışıb, alman alimin fədakar fəaliyyətinin minnətdarlıq hissi doğurduğunu bildirib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi Rizvan Nəbiyev kitabın müəllifi və məzmunu barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. M.Hessin türkoloji tədqiqatlarının geniş miqyas daşıdığı, o cümlədən filoloq-alimin xalqımızın ədəbi-mədəni irsinə dərin maraq göstərdiyi, bir sıra türk dilləri ilə yanaşı, Azərbaycan dilini də mükəmməl bildiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, Şuşa şəhərinin mədəni, ədəbi və etnoqrafik baxımdan Azərbaycana məxsusluğunun alman alimi tərəfindən təkzibolunmaz fakt və dəlillərlə sübuta yetirilməsi təqdim edilən kitabın mühüm məziyyətidir.

Tədbirdə Azərbaycan dilində çıxış edən M.Hess kitabın mündəricatı haqqında danışıb, onun hər bir bölməsində işıqlandırdığı məsələlərə dair geniş izahat verib, Azərbaycan tarixinə, ədəbi-mədəni irsinə bələdliyini ardıcıl, məntiqli fikirləri ilə bir daha sərgiləyib.

Milli Məclisin deputatları Etibar Əliyev, Ceyhun Məmmədov, Nurlan Həsənov və Fatma Yıldırım, ADA Universitetinin professoru Nəriman Qasımoğlu, Şuşa ziyalılarından Xalq artisti Yalçın Adıgözəlov, tədqiqatçı-jurnalist Vasif Quliyev, şair-publisist Kərim Kərimli və başqaları tədbirdə çıxış edərək, alman alimin yaradıcı əməyini yüksək qiymətləndirib, Azərbaycan həqiqətlərinin Avropada tanıdılması və təbliği naminə gördüyü vacib və faydalı işə görə ona minnətdarlıq bildirib, elmi fəaliyyətində və şəxsi həyatında uğurlar arzulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.