ELM VƏ TƏHSİL
Alman alimlər dünya elminin ön xəttindədirlər - Dünyanın elm təcrübəsindən
Berlin, 18 fevral, AZƏRTAC
Elmi fəaliyyət əsrlər boyu alman cəmiyyətinin həyatında mərkəzi yerlərdən birini tutub. Almaniyalı alimlər hələ erkən orta əsrlərdən başlayaraq öz görkəmli kəşfləri ilə dünya elminə qızıl səhifələr yazıblar.
AZƏRTAC Avropa İttifaqı məkanında birinci iqtisadiyyata malik olan Almaniya Federativ Respublikasının elm sahəsində qazandığı nailiyyətlərə və ölkədəki elmi müəssisələrin fəaliyyət prinsiplərinə nəzər salır.
AFR federativ dövlətdir. Belə siyasi quruluşa malik olan ölkədə cəmiyyətin bir sıra başqa təsisatları kimi, elm də müəyyən mənada “federallaşıb”, yəni mərkəzləşdirilməyib. Nəticədə bir sıra başqa dövlətlərdən, o cümlədən Aİ üzvü olan ölkələrdən fərqli olaraq Almaniyada mərkəzləşdirilmiş Elmlər Akademiyası yoxdur. Burada ümumilikdə yeddi müxtəlif akademiya var. Onlardan hər biri istər struktur baxımından, istərsə də apardıqları tədqiqatların istiqamətlərinə görə spesifik xüsusiyyətlərə malikdir. Lakin bu yeddi akademiyanın hamısı Maynsda (Frankfurt-Mayn yaxınlığında) yerləşən bir ittifaq şəklində birləşib. Onların əsas ümumi məqsədi sahələrarası elmi əməkdaşlığa xüsusi diqqət və dəstək göstərməklə elmin inkişafının qayğısına qalmaqdır.
Almanların elmi “federallaşdırmaq” yolu ilə getmək qərarına gəlməsinin tarixi səbəbi var. Məsələ burasındadır ki, 1990-cı illərdə Almaniya Federativ Respublikası ilə Almaniya Demokratik Respublikasının birləşməsini nəzərə almasaq, vahid alman dövləti ilk dəfə XIX əsrdə yaranıb, o vaxta qədər müstəqil olan Saksoniya, Prussiya, Bavariya və başqaları keçmişdə qalıb.
İttifaqa bu akademiyalar daxildir: əsası 1759-cu ildə Münhendə qoyulmuş Bavariya Elmlər Akademiyası, əsası 1970-ci ildə Düsseldorfda qoyulmuş Şimali Reyn-Vestvaliya Elmlər Akademiyası, 1763-1803-cü illərdə Geydelberqdə fəaliyyət göstərmiş və 1909-cu ildə təkrarən təsis olunmuş Elmlər Akademiyası, 1751-ci ildə Gettingendə təsis olunmuş Elmlər Akademiyası, 1846-cı ildə təsis olunmuş Saksoniya Elmlər Akademiyası, 1949-cu ildə təsis olunmuş Mayns Elmlər və Ədəbiyyat Akademiyası və 2005-ci ildə təsis olunmuş Hamburq Elmlər Akademiyası.
Bundan əlavə, Qallda Almaniya “Lepoldina” Təbiət Elmləri Akademiyası da var, lakin o, AFR Elmlər Akademiyaları İttifaqının üzvü deyil.
Ölkədə fəaliyyət göstərən elmlər akademiyaları müəyyən “hobbi” xatirinə və ya sponsorlar qarşısında hesabat vermək üçün deyil, əldə olunmuş nəticələri istehsalatda və cəmiyyətdə, sənayedə, kənd təsərrüfatında, habelə humanitar sektorda – təbabət, təhsil və sosiologiya sahələrində tətbiq etmək məqsədilə elmi araşdırmalar aparmaqla məşğuldurlar.
Koronavirus pandemiyası dövründə bu amil daha əyani şəkildə təzahür etdi. O vaxt gözlənilirdi ki, alman alimlər COVID-19-a qarşı preparat yaradacaqlar. Onlar bu ümidi doğrultdular. Məsələn, Amerikadakı Fayzer (Pfizer) şirkətini 1849-cu ildə iki alman mühacir – Çarlz Fayzer (1824-1906) və onun yaxın qohumu Çarlz Herhard (1821-1890) təsis ediblər. Pfizer ilə birlikdə dünyada ən populyar vaksinlərdən birini yaratmış BioNTech şirkəti isə sırf alman şirkətidir.
Alman elminin nailiyyətlərinə çoxlu misallar göstərmək olar. Avtomobilqayırma, mühəndislik, mexanika, alternativ enerji texnologiyası sahələrini xatırlamaq kifayətdir. Alman alimlər bütün sahələrdə uğur qazanıblar, lakin müxtəlif sahələrin ekspertlərini birləşdirən ümumi vəzifə var – onların hamısı elm ilə cəmiyyət arasında vasitəçi rolunda çıxış edir, beynəlxalq elmi əməkdaşlığa şərait yaradırlar.
Elmlər akademiyalarının maliyyələşdirilməsi məsələsinə gəldikdə isə, bu iş federal əyalətlərin büdcə vəsaitləri hesabına həyata keçirilir. Akademiyalardan hər birinin büdcəsi fərqlidir və hər maliyyə ili üçün elmi strategiyadan və qarşıya qoyulmuş hədəflərdən asılıdır.
Almaniya Elmlər Akademiyalarını həqiqi üzvlərinin və müxbir üzvlərinin ümumi sayı 1400 nəfərdir. Bu ölkə dünyaya 111 Nobel mükafatı laureatı bəxş edib. Onlardan 96-sı fundamental elm sahələrini təmsil edir. Doqquz alman alim ədəbiyyat üzrə Nobel mükafatı laureatı, daha altı alim Nobel sülh mükafatı laureatı adına layiq görülüb. Laureatların çoxu fizik, bioloq, kimyaçı və həkimlərdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin