ELM VƏ TƏHSİL
“Alman dili üzrə qiymətləndirilmə alətlərinin təkmilləşdirilməsi” layihəsinə start verilir
Bakı, 28 yanvar, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə “Alman dili üzrə qiymətləndirilmə alətlərinin təkmilləşdirilməsi” layihəsinin icrasına başlayır.
DİM-dən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsindəki təlimlər fevralın 17–dən martın 18-dək reallaşdırılacaq və 5 həftə davam edəcək.
Xarici dillər üzrə Ümumavropa çərçivə sənədinin (CEFR) təqdimatı, alman dili üzrə biliyin qiymətləndirilməsi zamanı bu çərçivə sənədindən istifadə ilə bağlı tövsiyələr, müxtəlif dil bacarıqlarının (dinləmə, oxu, yazı, danışıq) qiymətləndirilməsinə dair xüsusi mövzuları əhatə edəcək.
“Alman dili üzrə qiymətləndirilmə alətlərinin təkmilləşdirilməsi” layihəsi çərçivəsindəki təlimlər dilin qiymətləndirilməsi üzrə mütəxəssis, Almaniyanın Ruhr Universitenin müəllimi Anna Soltyska tərəfindən həyata keçiriləcək.