ELM VƏ TƏHSİL


Alman elminin uğur tarixi milyonlarla insanın həyatını xilas edib - Dünyanın elm təcrübəsindən

Berlin, 25 fevral, AZƏRTAC

“Success story” ifadəsi çoxdan “beynəlxalq” terminə çevrilib və artıq onun tərcümə edilməsinə ehtiyac yoxdur. Hərfi mənası “bir uğurun tarixi” olan bu fraza, əslində, ən uğurlu layihənin hüdudlarından kənara çıxır və bu uğurun tarixçəsini ehtiva edir.

Alman alimləri tərəfindən koronavirusa qarşı çoxdan gözlənilən vaksinin icad edilməsi də belə bir “Success story” olub. Maraqlıdır ki, vaxtilə Nyu-Yorkda alman mühacirlər tərəfindən əsası qoyulmuş “Biontech” firmasının məhsulu olan bu vaksin türk mənşəli Uğur Sahin və Özəl Türeçi cütlüyü tərəfindən yaradılıb.

AZƏRTAC-ın xüsusi müxbiri “Biontech” tədqiqatçılarından ibarət böyük bir komandanın üzvü, biokimyaçı Diter Olson ilə söhbət edib. Olson ilk növbədə bu “Success story” termininin əvvəllər məlum olmayan tərəflərindən söhbət açıb.

Olson deyib: “İnsanlar qırılırdı. Ekvador paytaxtının küçələrindən çəkilmiş dəhşətli kadrlar hamının yadındadır. Yerli hakimiyyət orqanları ölənləri dəfn etməyə macal tapmırdı, lakin meyitləri evdə saxlamaq da olmazdı. Sutkalarla səkilərdə yığılıb qalmış cəsədlərin fotoları bütün dünyaya yayılmışdı. Buna görə əsla təəccüblü deyil ki, “Biontech” firması öz layihəsi üzrə koronavirusa qarşı vaksin yaradılması proqramını “İşıq sürəti” adlandırdı. Bu ad hərbi əməliyyatın adını xatırladırdı. Doğrudan da bu bizim müharibəmiz idi. Virusun bəşəriyyətə elan etdiyi müharibə davam edirdi. Ona görə də bunun çarəsi işıq sürəti ilə tapılmalı idi.

Artıq 2020-ci ilin avqust ayında preparat hazır idi. Qısamüddətli laboratoriya tədqiqatlarından sonra klinika şəraitində sınaqlar başlandı. Minlərlə könüllü araşdırıcılar komandasının birgə işinin nəticəsini öz bədənində sınaqdan keçirməyə razılıq verdi. Nəticə gözlənildiyindən qat-qat yüksək oldu - əlavə təsirlər aşkar edilmədi, orqanizmin koronovirusla mübarizəsi isə həqiqətən uğurlu oldu.

Olson deyir: “2020-ci ilin dekabr ayında məlum oldu ki, təcili hallarda bizim məhsulun tətbiq edilməsinə icazə verilib. Bu, o demək idi ki, biz öz məqsədimizə çatmağa yaxınıq”.

Çox keçmədən “Biontech” və “Pfizer” 164 sınağın nəticələrini təhlil edərək dəqiqləşdirmə apardılar. Nəticə çox effektiv oldu: yeni vaksin 95 faiz, yaşı 65-dən yuxarı olan insanlar arasında isə 94 faiz səmərəli olduğunu göstərdi. 2020-ci il dekabrın 21-də Avropa Dərman Vasitələri Agentliyi təxirəsalınmaz hallarda bu vaksindən istifadə edilməsinə icazə verdi, Ümumdünya Səhiyyə Təşkilatı isə pandemiyanın birinci ilinin sonuncu günündə preparata müsbət rəy bildirdi.

“Pzifer/Biontech” vaksininin ilk partiyasını almaq üçün hansı ölkə sifariş verib? Olson bu sualı belə cavablandırdı: “Qəribə də görünsə, birinci sifarişçi Avropa İttifaqını tərk etmiş Böyük Britaniya oldu. Hərçənd biz gözləyirdik ki, ilk sifarişlər Avropa Komissiyasından daxil olacaq. Sonra Bəhreyndən, daha sonra xronoloji ardıcıllıqla Kanar, Səudiyyə Ərəbistanı, ABŞ və İsveçrədən sifarişlər alındı. Yalnız İsveçrədən sonra Avropa Komissiyasından bizə müraciət etdilər.

Bu uğur tarixinin sirri nədədir? Olson bu suala çox sadə və demək olar ki, “almansayağı” cavab verdi: “Az danış, çox iş gör”.

Əslində, bu kəlam bütün sahələrdə özünü doğruldur.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.