DÜNYA


Alman neonasistlərinin gözlənilməz yəhudi “sevgisi”

Berlin, 8 oktyabr, AZƏRTAC 

“Almaniya üçün alternativ” müxalifət partiyasının tərkibində yəhudilərin olduğu federal birlik təsis edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Visbadendə keçirilən mətbuat konfransında məlumat verilib.

Vera Kosova birliyin idarə heyətinin sədri seçilib. İxtisasca həkim olan sədr kontingent üzrə qaçqın kimi 20 il əvvəl Özbəkistandan Almaniyaya gəlib, 2016-cı ildən “Almaniya üçün alternativ” partiyasının üzvüdür, 2017-ci ildə isə Bundestaqa deputatlığa namizəd olub.

Rusiya və digər postsovet ölkələrindən olan yəhudilərin bu partiyada nə dərəcədə geniş təmsil olunduğu ilə bağlı Vera Kosova bildirib ki, “keçmiş Sovet İttifaqından gələnlər Almaniyanın yəhudi icmasında böyük rola malikdirlər. İdarə heyətinin dörd üzvü rus dilində sərbəst danışır. Bu, yəhudi icmaları ilə ünsiyyətdə bizə kömək edəcək”.

Almaniya Mərkəzi Yəhudi Şurasının idarə heyətinin sabiq üzvü Volfqanq Ful bildirib ki, hazırda 24 yəhudi “Almaniya üçün alternativ” partiyasının üzvüdür.

Mətbuat konfransında vurğulanıb ki, bu partiya yəhudipərəstdir.

Frankfurt-Mayn şəhərində isə sözügedən birliyin yaradılması əleyhinə nümayiş keçirilib. Aksiyanın təşkilatçısı olan Almaniya Yəhudi Tələbə İttifaqının rəhbəri Dalia Qrinfeld deyib: “Yəhudiləri yenidən Almaniyadan çıxarmaq istəyən bir partiya heç bir vəchlə dost ola bilməz”. Polisin məlumatına görə, tədbirdə 250 nəfər iştirak edib.

Bundestaqda XDİ/XSİ bloku fraksiyasının sədr müavini Ştefan Xarbart “Almaniya üçün alternativ” partiyasının bu addımını “ikiüzlülük” hesab edir. Deputat “Bild am Sonntag” həftəlik nəşrinə müsahibəsində bildirib ki, populist sağ partiyanın təmsilçiləri “sistematik olaraq nasional-sosialistlərin cinayətləri haqqında az danışırlar”. Bundan başqa, 17 yəhudi təşkilatı, o cümlədən Almaniyada Mərkəzi Yəhudi Şurası “Almaniya üçün alternativ” partiyasını irqçi və antisemit adlandırıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.