ELM VƏ TƏHSİL


Alman radiosunda həmyerlimizin rəhbərlik etdiyi gimnaziyadan danışılıb

Riqa, 15 fevral, AZƏRTAC

Alman radiosu “Deutschlandradio”nun budəfəki “Avropada yaşayan azsaylı xalqların təhsili” verilişi Riqa Klassik Gimnaziyasının fəaliyyətinə həsr olunub.

AZƏRTAC xəbər verir ki, “Ocaq” Latviya-Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, Latviya Prezidenti yanında Milli Azlıqlar üzrə Dövlət Komissiyasının sədri Roman Əliyevin rəhbərlik etdiyi məktəb barədə hazırlanmış verilişdə buradakı təhsil sisteminin müxtəlif aspektləri müzakirə olunub.

Qeyd edilib ki, əsasən latış dilində aparılan təhsillə yanaşı, uşaqlara ingilis, rus və Azərbaycan dilləri də öyrədilir. Bildirilib ki, Latviyanın sanballı məktəblərindən hesab olunan gimnaziyada 1700 şagird təhsil alır.

Radio efirinə müsahibə verən şagirdlərdən biri oxuduğu məktəb haqqında deyib: “Mən Latviyanı sevirəm, lakin mənim üçün rus və latış dili xarici dillərdir. Mənim doğma dilim Azərbaycan dilidir. Bizim ailəmiz Latviyaya yeddi il əvvəl gəlib, mən məktəbdə öz doğma dilimi unutmamışam, onu burada yaxşı tədris edirlər”.

Verilişdə məktəbin direktoru Roman Əliyevin də müsahibəsi dinlənilib. Roman Əliyev qeyd edib ki, Latviyada yaşayan insanlar həm ölkənin rəsmi dilini bilməli, həm də doğma dillərində sərbəst danışmalıdırlar: “Pedaqoqların əsas vəzifəsi uşaqların öz milli mənsubiyyətləri ilə fəxr etməsinə şərait yaratmaqdır. Hamımız yaşadığımız ölkə - Latviya üçün birləşərək onun sağlam gələcəyini təmin etməliyik”.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.