MƏDƏNİYYƏT
Alman turizm şirkəti öz müştərilərinin ölkəmiz haqqında təəssüratlarını bölüşüb
Berlin, 16 oktyabr, AZƏRTAC
Almaniyanın “Eberhadt reisen” turizm şirkətinin aylıq bülletendə dərc edilən “Səyahət məlumatı: Azərbaycana səfər” sərlövhəli məqalədə Azərbaycana səfər etmiş alman turistlərinin ölkəmiz haqqında təəssüratları əks olunub.
AZƏRTAC xəbər verir ki, səfərin ölkənin paytaxtı Bakı şəhəri ilə tanışlıqla başladığı, şəhərin son illərdə sürətlə inkişaf etdiyi, bu inkişafda neftin böyük rolunun olduğu vurğulanır. Bakı şəhərindəki Filarmoniya, Opera və Kukla teatrlarından, Milli Xalça Muzeyindən söz açılır. 2000-ci ildən UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilən İçərişəhər haqqında məlumat verilir. İçərişəhəri ziyarət edən qrupun Şirvanşahlar Sarayı, Karvansaray, Qız qalasında olduğu diqqətə çatdırılır. Qız qalasının üzərindən şəhəri seyr edən turistləri paytaxtdakı müasir tikililərlə şəhərin qədim hissəsi arasındakı kontrastın heyran etdiyi vurğulanır. Turistlərin 2007-ci ildə UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilən Qobustan Dövlət Tarixi-Bədii Qoruğunu ziyarət etdiyi, buradakı qayaüstü rəsmlərlə tanış olduqları nəzərə çatdırılır. Səyahətlərinin növbəti günü turistlərin Abşerondakı Atəşgah məbədi Dövlət Tarix-Memarlıq Qoruğu, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, eləcə də, açıq səma altında yerləşən Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksini ziyarət etdikləri bildirilir. Eyni zamanda, turistlərin Nobel qardaşlarının ev-muzeyi və Heydər Əliyev Mərkəzinə baş çəkdikləri qeyd olunur. Qrupun Bakı ilə yanaşı, Şamaxı, Qəbələ, Şəki, İsmayıllı, Göygöl, Gəncə və Göyçaya səfər etdiyi və səfər çərçivəsində bu rayonlardakı tarixi abidələrlə, milli mətbəximizin nümunələri ilə, muzeylərlə və digər görməli yerlərlə tanış olduqları diqqətə çatdırılır. Məlumatın sonunda turistlərin səyahət zamanı çəkdikləri, Azərbaycanın gözəl guşələrini əks etdirən çoxsaylı fotoşəkillər əks olunur.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin