SİYASƏT


Almaniya-Azərbaycan Forumunun toplantısı keçirilib

Berlin, 15 sentyabr, AZƏRTAC

Almaniya-Azərbaycan Forumunun üzvlərinin illik toplantısı və idarə heyətinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Forumun idarə heyətinin sədri, keçmiş dövlət katibi Hans-Eberhard Şlayer təşkilatın cari fəaliyyəti barədə Forum üzvlərinə hesabat verib, o cümlədən tədbir iştirakçılarını pandemiya dövrünün Forumun fəaliyyətinə təsirləri, təşkilatın üzləşdiyi çağırışlar, gələcək planlar və nəzərdə tutulmuş layihələr barədə məlumatlandırıb.

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov tədbirdə çıxış edib. O, ötən ilin payızında Vətən müharibəsində əldə edilmiş şanlı Qələbəmizə istinadən regionda baş verən proseslər, postmünaqişə dövrünə aid məsələlər və Azərbaycanın bölgədə davamlı sülh və inkişafın təmin olunmasına dair yanaşmaları barədə ətraflı məlumat verib. Səfir, eləcə də, Azərbaycan-Almaniya münasibətlərindən bəhs edərək, postmünaqişə dövrünün ikitərəfli münasibətlər üçün yaratdığı perspektivləri dəyərləndirib. O, Forumun yeni vəziyyətdə iki ölkə arasında münasibətlərin dərinləşməsinə verə biləcəyi töhfələri qeyd edib, təşkilatın gələcək fəaliyyəti üçün təkliflərini bölüşüb.

Daha sonra tədbir iştirakçıları Azərbaycanda və onun ətrafında gedən proseslər, ölkəmizin ictimai-siyasi həyatının aktual məsələləri, Azərbaycan-Almaniya münasibətlərinin mövcud durumuna dair fikir mübadiləsi aparıblar. Səfir Ramin Həsənov Forum üzvlərinin suallarını cavablandırıb.

Hans-Eberhard Şlayer Almaniya ictimaiyyətinin postmünaqişə reallıqlarına dair daha ətraflı məlumatlandırılması və Forumun ictimai fəaliyyətinin səmərəli təşkili məqsədilə müntəzəm təmasların vacib olduğunu vurğulayıb.

Forum üzvləri təşkilatın qarşıda duran vəzifələri kimi alman iş adamlarının Azərbaycana növbəti səfərlərinin təşkil edilməsi, ölkəmizin zəngin mədəniyyətinin tanıdılması üçün tədbir və layihələrin həyata keçirilməsi, Xocalı soyqırımının ildönümü ilə bağlı Berlində təşkil olunan və ictimai-siyasi dairələrdə böyük rezonans doğuran ənənəvi simpoziumun gələn il də yüksək səviyyədə baş tutması üçün hazırlıq işlərinin aparılması və səfirliklə əməkdaşlıq çərçivəsində digər tədbirlərin görülməsini razılaşdırıblar.

Sonda Forum üzvlərinin səsverməsi yolu ilə təşkilatın idarə heyətinin üzvləri, sədri, sədr müavinləri, xəzinədarı, icraçı direktoru vəzifələrinə seçkilər keçirilib və 2021-ci il üçün büdcə hesabatı qəbul edilib. Hans-Eberhard Şlayer növbəti müddət üçün Forumun sədri vəzifəsində təsdiqlənib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.