SİYASƏT
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti Azərbaycanda məcburi köçkünlərlə bağlı yeni layihə həyata keçirəcək
Bakı, 4 iyun, AZƏRTAC
İyunun 4-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Azərbaycan üzrə direktoru xanım Sonia Fontaine arasında görüş keçirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində dövlət tərəfindən görülən işlərdən danışılıb. Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılır. Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən də bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bütün bunların nəticəsində 300 minə yaxın məcburi köçkün yeni mənzillərlə təmin olunub.
Rövşən Rzayev xanım Sonia Fontaineyə ölkəmizdə olan qaçqın və məcburi köçkünlərlə bağlı Dövlət Komitəsinin xətti ilə həyata keçirilən layihələrə və onların problemlərinin həllinə göstərilən köməyə görə təşəkkürünü bildirib.
GİZ-in nümayəndə heyətinin rəhbəri Sonia Fontaine Almaniya-Azərbaycan əlaqələrinin hazırki səviyyəsini yüksək qiymətləndirib. Ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən layihələrin həyata keçirildiyinə diqqət çəkib. Nümayəndə heyətinin rəhbəri əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.
Görüşdə layihə haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, layihə çərçivəsində müxtəlif istiqamətli fəaliyyətlərin həyata keçirilməsi ilə məcburi köçkünlər üçün yeni gəlir imkanlarının yaradılması gözlənilir.
Sonra görüşdə GİZ və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə həyata keçirəcəyi layihə müzakirə edilib. Layihə ilə ümumi tanışlıqdan sonra onun genişləndirilməsi imkanları müzakirə olunub. Layihənin ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə töhfə verəcəyinə əminlik ifadə edilib.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.