İQTİSADİYYAT
Almaniya İqtisadiyyatının Şərq Komitəsinin saytında qurumun nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı məqalə verilib
Berlin, 24 fevral, AZƏRTAC
Almaniya İqtisadiyyatının Şərq Komitəsinin saytında bu qurumun sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin nəticələri ilə bağlı “Bütün yollar Bakıya aparır” adlı məqalə verilib.
Səfərin Azərbaycan səfirliyi ilə sıx əməkdaşlıq nəticəsində təşkil olunduğu vurğulanan məqalədə Almaniya İqtisadiyyatının Şərq Komitəsinin nümayəndə heyətinin Azərbaycan Prezidenti, iqtisadiyyat, energetika, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirləri, o cümlədən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru ilə keçirdikləri görüşlərlə bağlı məlumatlar öz əksini tapıb.
Alman şirkətləri üçün ölkəmizdə mövcud olan imkanların müzakirə edildiyi görüşlər zamanı Azərbaycanın Almaniya İqtisadiyyatının Şərq Komitəsinin nümayəndə heyətinə müasir İpək Yolunun ticarət qovşağı qismində tövsiyə edildiyi məqalədə qeyd olunur.
Yazıda, həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportu, “Silk Way” şirkəti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, o cümlədən Bakı şəhərinin füsunkar gözəlliyi barədə məlumat verilir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin