ELM VƏ TƏHSİL


Almaniya Milli Kitabxanasında Qarabağ mövzusunda olan nəşrlər araşdırılıb

Bakı, 23 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana İnformasiya Mərkəzinin başladığı "Qarabağ mövzusu dünya kitabxanalarında" layihəsinin növbəti sayı Almaniya Milli Kitabxanasına həsr olunub.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, axtarış zamanı alman dilində olan kitabxana kataloqunda 191 biblioqrafik yazı tapılıb. Bunların arasında 1 jurnal, 2 xəritə, 81 kitab, 3 audio nəşr (3), 85 onlayn resurs, 13 məqalə vardır.

Bu nəşrlərin ən qədimi 1890-cı ildə alman dilində nəşr olunan Radde Qustavın (Ferdinand Richard) "Karabagh" əsəridir. R.Qustav (1831-1903) alman naturalisti və Sibir üzrə tədqiqatçıdır. O, 1864-cü ildən Qafqaz bölgəsinin bitki və heyvanat aləmini tədqiq etmək məqsədilə 35 illik ekspedisiyalara başlayıb. "Karabagh" əsəri 1890-cı ilin yayında R.Qustavın və Jan Valentinin Qarabağa etdikləri səfər haqqında Rusiya Elmlər Akademiyasında verdikləri hesabatı əhatə edir. Kitaba Qarabağın xəritəsi də əlavə olunub. Bu nəşr layihənin bundan əvvəlki saylarında tədqiq olunan digər kitabxanaların (ABŞ Konqres Kitabxanası, Britaniya Milli Kitabxanası və Fransa Milli Kitabxanası) hər birinin fondunda mövcud idi.

Almaniya Milli Kitabxanasının elektron kataloqunda olan xəritələrdən biri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunub. Xəritə 48x60 sm ölçüdədir və alman dilindədir. Ümumilikdə kitabxanada Azərbaycana aid 44 xəritə mövcuddur ki, bunun 42-si “Azərbaycanın ikitərəfli xəritəsi” (Zweiwerstkarte von Azerbeidschân) başlığı ilə müxtəlif hissələrlə çap olunub və 2 hissəsi Qarabağa aiddir. Bu xəritələrdən biri “Ararat”, Azərbaycanın İrəvan quberniyasının 1912-1913-cü illərə aid rusca xəritəsinin 1918-ci ildə Berlində təkrar nəşr olunan variantdır. Kitabxananın elektron kataloqunda bu mövzuda ümumilikdə 5 dissertasiyanın (2-si onlayn nəşr, 3-ü çap nəşri) biblioqrafik təsviri mövcuddur. Onlardan 2-si azərbaycanlı, 3-ü xarici müəlliflərə aiddir və hər biri Almaniyada müdafiə olunub. Məsələn, fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində geosiyasi maraqları" adlı dissertasiya Anar Allahverdi tərəfindən 2018-ci ildə Yena Fridrix Şiller Universitetində müdafiə olunub.

Kitabxanada bu mövzuda daha bir dissertasiya mövcuddur ki, bu da "Ərazi bütövlüyü ilə öz milli müqəddəratını təyinetmə arasında: Rusiyanın özünə yaxın ərazi münaqişələrində rolu (Dnestryanı - Abxaziya - Cənubi Osetiya - Dağlıq Qarabağ)" adlı magistr dissertasiyasıdır və coğrafiyaşünas Kristian Kolter tərəfindən 2018-ci ildə Leypsiqdə müdafiə olunub.

Kitabxananın onlayn resursları arasında "Dağlıq Qarabağ uğrunda müharibə-2020: Güc strukturlarından gözləntilər və Silahlı Qüvvələrin imkanları" adlı 6 səhifədən ibarət alman dilində məqalə də yer alıb. Diplomat Franz-Stefan Gady tərəfindən 2021-ci ildə Almaniyanın Təhlükəsizlik Siyasəti üzrə Federal Akademiyasında nəşr etdirdiyi məqalədə 44 günlük Vətən müharibəsinin geniş təhlili aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.