DÜNYA
Almaniya Prezidenti almanları millətçilikdən çəkinməyə çağırıb
Berlin, 10 noyabr, AZƏRTAC
AFR Prezidenti Frank-Valter Ştaynmayer almanları “yeni, təcavüzkar millətçilik”dən çəkinməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, Almaniya dövlətinin başçısı Bundestaqda “Almanlar üçün taleyüklü gün” mərasimində çıxış edib. O bildirib ki, millətçilik “heç vaxt indiki şəkildə mövcud olmamış köhnə, xeyirxah dünya”ya çağırır. Mərasim iştirakçıları Almaniyada yəhudi talanları (“büllur gecə”) qurbanlarının xatirəsini yad ediblər. Ştaynmayer deyib ki, millətçilikdən fərqli olaraq maarifpərvər və demokratik vətənpərvərlik dünyanı daha da yaxşılaşdırmaq üçün daimi stimuldur.
Almaniya Prezidenti bəyan edib ki, 1938-ci il noyabrın 9-dan 10-na keçən gecə təşkil edilmiş yəhudi talanları “sivilizasiya təsvirəgəlməz böhranı, Almaniyanı barbarlığa sürükləyən addım” olub. O deyib: “Bu gün biz nasional-sosializm qurbanlarının xatirəsini ehtiramla yad edir və iddia müddəti olmayan cinayətə görə öz məsuliyyətimizi dərk edirik”.
Frank-Valter Ştaynmayer müxtəlif illərdə noyabrın 9-da baş vermiş digər tarixi hadisələri: 1918-ci ildə respublika elan edilməsini və 1989-cu ildə Berlin divarının sökülməsini də xatırladıb. Onun sözlərinə görə, 1989-cu ilin payızında Leypsiqdə, Şərqi Berlində və Drezdendə küçələrə çıxmış kişilər və qadınlar ölkənin yenidən birləşməsinə yol açdılar. Prezident deyib: “Dinc inqilab, rəşadət və azadlıq əzmi” olmasaydı ölkəmizin tarixində ən xoşbəxt 9 noyabr günü olmazdı.
O, almanlara müraciətlə onları “başqa insanların ləyaqətinin alçaldılmasına laqeyd qalmamağa, “nifrət dili”nə qarşı, insanların dərisinin rənginə və ya dini əqidələrinə görə şübhə obyektinə çevrilməsinə qarşı mübarizə aparmağa çağırıb.
1918-ci ildə Almaniyada respublika elan edilməsinin 100 illiyini xatırladan Ştaynmayer mümkün qədər çox sayda insanın “demokratik proseslərdə iştirak etməsi və demokratiyaya tərəfdar olması” arzusunu bildirib. Prezidentin sözlərinə görə, almanlar azadlıq və demokratiya ənənələrinə görə fəxr edə bilərlər, lakin bununla bərabər Holokostun dəhşətlərini də unutmamalıdırlar. Dövlət başçısı deyib: “Biz antisemitizmə qarşı mübarizəni heç vaxt zəiflətməyəcəyik”.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin