ELM VƏ TƏHSİL
Almaniya Türk tarixi və mədəniyyətləri muzeyi ilə virtual tanışlıq
Bakı, 16 may, AZƏRTAC
Almaniya Türk tarixi və mədəniyyətləri muzeyinin müdiri Cəmaləddin Özdəmirin bələdçiliyi ilə onlayn konfrans keçirilib.
Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Azərbaycan tarixi kafedrasının müdiri dosent Naibə Əhmədova, həmçinin dosent Elmira Süleymanova, baş müəllimlər Samirə Ramazanova, Cəfər Xanəliyev, kafedranın əməkdaşları Gülşən Xalıqova, Sahibə Musayeva, Tarix və coğrafiya fakültəsinin tyutor və tələbə heyəti iştirak edib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, konfransda Türk tarixini, həmçinin Azərbaycan tarixini, milli-mənəvi dəyərlərini daha canlı və əhatəli şəkildə təqdim etmək üçün sikkələr, milli geyimlər, miniatürlər, rəsmlər və xalçalardan ibarət eksponatlar, kolleksiyalar nümayiş olunub.
Tədbir çərçivəsində iştirakçılar Almaniya Türk tarixi və mədəniyyətləri muzeyinin beynəlxalq fəaliyyəti ilə də yaxından tanış olublar.