CƏMİYYƏT


Almaniya azərbaycanlıları ayağa qalxıb

Bakı, 17 oktyabr, AZƏRTAC

Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Berlin şəhərində Ermənistan silahlı qüvvələrinin Gəncəyə növbəti raket zərbələri endirməsi nəticəsində mülki şəxslərin, azyaşlı uşaqların həlak olmasına, mülki obyektlərə ciddi ziyan dəyməsinə etiraz olaraq 10 mindən çox soydaşımızın iştirakı ilə aksiya təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, aksiya iştirakçıları Pariser Platz meydanından Brandenburq qapılarına yürüş ediblər.

Çıxış edənlər işğalçı Ermənistanın Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərində, o cümlədən müxtəlif rayonlarda dinc əhaliyə hədəflənmiş terror aktını insanlıq əleyhinə yönələn müharibə cinayəti kimi qiymətləndiriblər. Aksiyada dünya ictimaiyyətindən Ermənistanın dinc əhaliyə qarşı törətdiyi vandalizm aktlarına biganə qalmamaları və təcavüzkar dövlətin törətdiyi terror və soyqırımı aktlarına görə cəzalandırılmaları tələb edilib.

İştirakçılar müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Azərbaycan sülh istəyir!”, “Gəncə cəbhə bölgəsi deyil!”, “Mülki insanlar toxunulmazdır!”, “Biz terrora yox deyirik!”, “Erməni terrorçuluğuna son qoyun!”, “Uşaq ölümünə son qoyun!” kimi şüarlar səsləndiriblər.

Aksiyaya Bakıdan qoşulan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iştirakçılara Ali Baş Komandanın salamlarını çatdırıb.

Fransa, İtaliya, İrlandiya və bir sıra başqa ölkələrin bayraqlarının dalğalandığı tədbirdə bu ölkədəki Azərbaycan icması ilə yanaşı, türk, Ukrayna, yəhudi icmalarının nümayəndələri və digərləri iştirak ediblər.

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu oktyabrın 11-də və 17-də gecə saatlarında Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci ən böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları və evlər dağılıb, mülki obyektlərə ciddi ziyan dəyib. Hər iki terror aktı nəticəsində 23 nəfər həlak olub, 83 dinc sakin ağır yaralanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.