DÜNYA


Almaniya dəmir yollarında təhlükəsizliyə dair tələblər sərtləşdirilir

Berlin, 23 sentyabr, AZƏRTAC

Kütləvi informasiya vasitələrində çoxsaylı xəbərdarlıqlara baxmayaraq, dəmir yollarında gəzmək və müəyyən olunmamış yerlərdə yolları keçmək Avropada ciddi problem kimi qalmaqdadır. Bu sözlər, ilk növbədə, qatara çatmaq və ya yolu qısaltmaq üçün tələsən adamlara aiddir. Onlar həm özlərini, həm də lokomotivləri təhlükəyə məruz qoyur, nəticədə qatar sürücüləri faciənin qarşısını almaq məqsədilə bəzən təcili tormozlama məcburiyyəti qarşısında qalırlar. Ekstrim və adrenalin həvəskarları da bəzən belə “gəzintilər” etməyi xoşlayırlar.

AZƏRTAC xəbər verir ki, Almaniya dəmir yolu infrastrukturu idarəsi bu günlərdə dəmir yollarında təhlükəsizlik xidmətinə və ölkə polisinə müraciət edərək bu cür qayda pozucularına qarşı ciddi tədbirlər görülməsini xahiş edib.

İdarədə AZƏRTAC-ın müxbirinə bildiriblər ki, bu gündən oktyabrın 6-na qədər polis və dəmir yollarında təhlükəsizlik xidməti belə məsuliyyətsiz vətəndaşların çox rast gəldiyi yerlərdə yoxlamalar aparacaqlar. Bədbəxt hadisələrin statistikası göstərir ki, insanlar dəmir yolu keçidlərində svetoforların və şlaqbaumların vacibliyini lazımınca qiymətləndirmirlər. Təkcə bu il ərzində ölkədə 33 bədbəxt hadisə baş verib, onlardan 6-sı ölümlə nəticələnib. Daha sonra bildirilib ki, bu cür qanun pozuntularına görə 80 avrodan 500 avroya cərimə, bəzi hallarda isə 5 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.