Almaniya əyalətlərində karantin məhdudiyyətlərinin müddəti uzadılır
AzerTAg.az
Berlin, 19 fevral, AZƏRTAC
Almaniyanın federal əyalətləri karantin məhdudiyyətlərinin müddətini uzatmağa başlayır.
AZƏRTAC xəbər verir ki, belə əyalətlər sırasına bu gün Türingiya da qoşulub.
Türingiya Səhiyyə Nazirliyinin qəbul etdiyi qərara əsasən, bu əyalətdə karantin məhdudiyyətlərinin müddəti daha üç həftə - martın 15-dək uzadılıb. Qərarda nəzərdə tutulan bəzi mövcud məhdudiyyətlərə tətbiq olunan yumşaltmalar artıq bu gündən qüvvəyə minir. Məsələn, buradakı sürücülük məktəbləri tezliklə yenidən fəaliyyət göstərəcək, bu müəssisələrdə mütəmadi olaraq COVID-19 testlərinin keçirilməsinə imkan yaradılacaq. Gələn aydan gözəllik salonları, bərbərxanalar, bağçılıq mərkəzləri öz fəaliyyətlərini bərpa edəcəklər.
Gələn həftədən, həmçinin ibtidai təhsil məktəbləri və uşaq bağçaları məhdud rejimdə açılacaq. Yuxarı sinif şagirdləri isə mart ayından dərslərə başlaya biləcəklər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Xəbərin mətnində orfoqrafik səhv var