Almaniya hərbi aviasiyasını yeniləmək üçün F-35 təyyarələri almağı planlaşdırır
AzerTAg.az

Bakı, 14 mart, AZƏRTAC
Almaniya hökuməti Hərbi Hava Qüvvələrinin yenidən təchiz olunması üçün ABŞ-ın “Lockheed Martin” kompaniyasının istehsal etdiyi F-35 qırıcılarını almağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, DPA informasiya agentliyi bu barədə Almaniyanın Nazirlər Kabinetindəki mənbəyə istinadla məlumat yayıb. Məlumata görə, alınması nəzərdə tutulan təxminən 35 ədəd F-35 qırıcısı hazırda xidmətdə olan köhnə “Tornado” təyyarələrini əvəz etməlidir.
Dünyanın ən müasir döyüş təyyarəsi olan F-35 qırıcıları xüsusi forması və xarici örtüyü sayəsində düşmən radarları üçün çətin hədəf sayılır. Bu, Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Almaniya Hərbi Hava Qüvvələrinin ilk böyük satınalma layihəsi olacaq. Həmçinin Almaniya hərbi aviasiya parkının modernləşməsi proqramı çərçivəsində daha 15 ədəd “Eurofighter” qırıcısı almağı planlaşdırır.
Qeyd edək ki, Almaniya kansleri Olaf Şolts ölkənin ümumdaxili məhsulunun 2 faizdən çoxunu müdafiə sahəsinə yönəldəcəyini və 2022-ci il dövlət büdcəsindən 100 milyard avronun ayrılacağı xüsusi fond yaradılacağını açıqlayıb. Həmin fondun vəsaitlərinin silahlanma sahəsində investisiya və layihələrə yönəldilməsi nəzərdə tutulur.
Xəbərin mətnində orfoqrafik səhv var