CƏMİYYƏT


Almaniya hökuməti həşəratlara görə narahatdır...

Berlin, 5 iyun, AZƏRTAC

Almaniya hökumətinin məlumatına görə, ölkədə həşəratların yayılma sahəsi kəskin şəkildə azalıb. Bununla əlaqədar ekosistem və insan üçün yarana biləcək nəticələrin qarşısının alınması məqsədilə təcili tədbirlər görülməlidir.

AZƏRTAC AFR KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Ətraf Mühitin Mühafizəsi Nazirliyinin hesabatında bildirilir.

Sənəddə deyilir ki, Almaniyada Qırmızı kitaba düşən 8 min həşərat növündən 42 faizinin ya nəsli kəsilib, yaxud da onların nəsli kəsilmək ehtimalı yaranıb. Tozlandırıcı həşəratların nəslinin kəsilməsi xüsusilə təhlükəli hesab edilir. Vəhşi arıların hazırda araşdırılan 557 növünün 40 faizdən çoxunun nəsli kəsilə bilər.

Həşəratların sayının azalmasının əsas səbəbi onların yaşayış yerlərinin itirilməsi, həmçinin kənd təsərrüfatında zəhərli kimyəvi vasitələrdən istifadə, torpaqda və suda ziyanlı maddələrin olmasıdır.

Ətraf mühitin mühafizəsi naziri Svenya Şultse WAZ nəşrinə müsahibəsində deyib: “Növlərin nəslinin kəsilməsi uzaq ölkələrdə deyil, bizim yaşadığımız ərazidə baş verir”. Həşəratların qorunması üzrə tədbirlər proqramına start verildiyini bildirən nazirin sözlərinə görə, “pestisidlərə münasibətdə siyasətə dəyişikliklər edilməsi, həşəratların yayılma sahəsinin monitorinqinin yaxşılaşdırılması və həşəratların yaşaya biləcəyi kənd təsərrüfatı yerlərinin genişləndirilməsi vacibdir”.

Hesabat federal əyalətlərin iyunun 6-da Bremendə keçiriləcək ətraf mühitin mühafizəsi məsələləri üzrə konfransında rəsmi şəkildə təqdim olunacaq. S.Şultse yayın sonunadək bütün ölkə üzrə həşəratların monitorinqi ilə bağlı tədbirlərin əyalətlərin hakimiyyət orqanları ilə əlaqələndirilməsini planlaşdırır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.