DÜNYA
Almaniya ictimaiyyəti öz ölkələrinin Ukraynadakı münaqişədə iştirakına qarşıdır
Berlin, 13 may, AZƏRTAC
Almaniya sakinləri öz ölkələrinin Ukraynada davam edən münaqişəyə cəlb edilməsinə qarşı fikirlərini bildiriblər.
AZƏRTAC xəbər verir ki, AFR-də aparılan ictimai rəy sorğusunun nəticələrindən bu qənaətə gəlmək olar. Rəyi soruşulanların 63 faizi Ukraynadakı münaqişədə Almaniyanın iştirakının əleyhinə olduqlarını qeyd ediblər.
Siyasi partiyalar arasında “Almaniya üçün alternativ” sağçı radikal partiyasının tərəfdarları Almaniyanın münaqişədə iştirakının əleyhinə digərləri ilə müqayisədə daha çox, “yaşıllar” partiyasının tərəfdarları isə daha az (müvafiq olaraq, sorğuda iştirak edənlərin 71 faizi və 41 faizi) çıxış edirlər.
Diqqətəlayiq haldır ki, Avropanın şərqində bu silahlı qarşıdurmada ölkənin neytrallığını daha çox qadınlar (rəyi soruşulan qadınların 73 faizi) üstün tutur, eyni zamanda, kişilər arasında yalnız 51 faiz respondent Almaniyanın hərbi əməliyyatlara cəlb edilməsinə qarşı olduqlarını bildiriblər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin