İQTİSADİYYAT


Almaniya ilə Cənub Qaz Dəhlizinə 1,5 milyard dollaradək kreditin cəlbi üçün zəmanət müqavilələrinin imzalanması proseduruna başlanılacaq

Bakı, 7 mart, Nihad Budaqov, AZƏRTAC

Almaniya tərəfi ilə “Cənub Qaz Dəhlizi” layihəsinə 1,5 milyard dollaradək kreditin cəlb edilməsi üçün zəmanət müqavilələrinin imzalanmasına dair prosedurlara başlanılacaq.

Bu barədə “Cənub Qaz Dəhlizi” layihəsinə Almaniya Federativ Respublikası tərəfindən 1,5 milyard ABŞ dollarınadək kreditin cəlb edilməsi üçün zəmanətin verilməsini AZƏRTAC-a şərh edərkən “Cənub Qaz Dəhlizi” (CQD) Qapalı Səhmdar Cəmiyyətindən (QSC) bildirilib.

Qeyd edilib ki, məlum olduğu kimi Cənub Qaz Dəhlizinin tərkibinə daxil olan layihələrin maliyyələşdirilməsinin başa çatdırılması üçün beynəlxalq maliyyə institutları ilə danışıqlar davam etdirilir. Belə ki, “Cənub Qaz Dəhlizi” layihəsinin tərkib hissəsi olan “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi (“Şahdəniz-2”) və Trans-Anadolu qaz boru kəməri (TANAP) layihələrində Azərbaycan tərəfinin öhdəliklərinin maliyyələşdirilməsi üçün Almaniya tərəfindən 1,5 milyard dollaradək kreditin cəlb edilməsinə dair zəmanətin verilməsinə (UFK) ilkin mərhələ olaraq bu yaxınlarda Nazirliklərarası İclasda (Interministerial Committee) razılıq verilib. Növbəti mərhələ olaraq zəmanətin verilməsinin təsdiq edilməsi nəzərdə tutulur. Bununla əlaqədar “Cənub Qaz Dəhlizi” QSC ilə Almaniya Federativ Respublikası adından çıxış edən “Hermes” şirkəti və aidiyyəti banklarla kreditin şərtləri ilə bağlı müvafiq danışıqlara başlanıb. Danışıqların nəticəsindən asılı olaraq, kreditin götürülməsinə qərar verildikdən sonra müvafiq kredit və zəmanət müqavilələrinin imzalanması üçün dövlətdaxili prosedurlara başlanılacaq. Kreditin yekun şərtləri (məbləğ, müddət, geri ödəmə qrafiki, və sair) tam razılıq əldə olunduqdan sonra müəyyənləşdiriləcək.

“Hazırkı zəmanətin verilməsində əsas məqsəd Almaniya şirkətlərinin iştirak etdiyi layihələrə maliyyə dəstəyinin verilməsidir. Bildiyiniz kimi, 2013-cü ildə 9 Avropa şirkəti, o cümlədən Almaniyanın “E.ON” şirkəti ilə Azərbaycan təbii qazının nəqli ilə əlaqədar uzunmüddətli qaz satışı müqavilələri imzalanıb. Müqavilə şərtlərinə əsasən “E.ON” (hazırda “Uniper”) şirkəti 2020-2044-cü illərdə “Cənub Qaz Dəhlizi” layihəsi vasitəsilə Azərbaycandan hər il 1,45 milyard kubmetr təbii qaz idxal edəcək”, - deyə məlumatda bildirilib.

Qeyd edilib ki, borcalan qismində çıxış edən və səhmlərinin 100 faizi birbaşa və ya dolayısı ilə Azərbaycana məxsus olan “Cənub Qaz Dəhlizi” QSC ölkəmizdən Avropaya təbii qazın çatdırılması üçün hazırda inşası davam edən, uzunluğu 3 min 500 kilometrdən çox olan və Avropa İttifaqı (Aİ) tərəfindən dəstəklənən “Cənub Qaz Dəhlizi” beynəlxalq qaz layihəsində Azərbaycan Respublikasının maraqlarını təmsil edən şirkətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.